ASAN İnnovativ İnkişaf Mərkəzi 5 yaşında VİDEO
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin 5 illik yubiley tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəzin qabaqcıl ASAN təcrübəsi və innovativ təlim metodları ilə dövlət və özəl qurumlarda kadrların peşəkarlığının artırılmasına töhfə verdiyini vurğulayıb.
"Hazırda 52 ölkə "ASAN xidmət" təcrübəsini öyrənir. Artıq 6 böyük ölkədə "ASAN xidmət" təcrübəsi əsasında 600-dən çox xidmət mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlərin xidmət göstərdiyi əhalinin sayı 800 milyona yaxındır ki, bu da dünya əhalisinin təxminən 10 faizini təşkil edir. "ASAN xidmət"in ixracı dedikdə, bu sahədə əldə olunan bilik və təcrübənin xarici ölkələrlə paylaşılması nəzərdə tutulur. Bilik və təcrübənin transferi təlimlər və treninqlər vasitəsilə həyata keçirilir. Bu istiqamətdə ASAN İnnovativ İnkişaf Mərkəzi, onun təlimçiləri və cəlb etdiyi digər təlim platformaları mühüm əhəmiyyət daşıyır", - deyə Dövlət Agentliyinin sədri qeyd edib.
ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova nəticələr, əməkdaşlıq və inkişaf prioritetləri barədə təqdimatla çıxış edib. O bildirib ki, mərkəzin əsas məqsədi “ASAN xidmət”də formalaşan peşəkarlığın, yüksək xidmət keyfiyyətinin, şəffaflığın, vətəndaşyönümlü idarəetmə prinsiplərinin insan kapitalının inkişafı məqsədilə dövlət və özəl sektorda sistemli tətbiqidir:“ASAN xidmət”in brendinin ixrac olunduğu ölkələrdə də bu model əsasında xidmətin təşkili, vətəndaş məmnunluğunun və yumşaq bacarıqların inkişafı istiqamətində təlimlər keçirilir. Ötən dövrdə 350-dən çox şirkət, qurum və təşkilatla əməkdaşlıq çərçivəsində 35 mindən çox işgüzar şəxs üçün 850-dən çox müxtəlif istiqamətli tədbir təşkil olunub. 150-dən çox mövzuda keçirilən tədbirlərdə 6 innovativ təlim metodundan istifadə olunub və təlimlərdən məmnunluq göstəricisi 96,4 faiz təşkil edir”.
Tərəfdaş qurumların nümayəndələri isə ASAN İnnovativ İnkişaf Mərkəzi ilə əməkdaşlığın əhəmiyyətini və peşəkar inkişaf istiqamətində birgə fəaliyyətin rolunu vurğulayıblar.
Tədbir çərçivəsində “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi” ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlığın davamı məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Sonda təlimçilərə və tərəfdaş qurumlara təşəkkürnamələr təqdim olunub.