İdeoloji təhdidlərdən qorunmaq üçün yüksək təhsil və güclü vətənpərvərlik ruhu vacibdir VİDEO
Sabirabad, 21 oktyabr, AZƏRTAC
Sabirabad rayonunda Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan müşavirə keçirilib.
Müşavirədə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı, YAP Sabirabad rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP fəalları, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, müharibə əlilləri və veteranları, ağsaqqallar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra baş tutan ilk qurultay kimi şanlı tariximizin növbəti parlaq səhifəsinə çevrildi. 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ağır ictimai-siyasi şəraitin doğurduğu tarixi zərurətdən meydana gəlmişdi. Bu baxımdan Yeni Azərbaycan Partiyasının yaranması sıradan bir siyasi təşkilatın təsis olunması deyil, cəmiyyətin güclü dövlətçiliyə, milli maraqları əsas götürən siyasi xəttə olan ehtiyacının real ifadəsi idi.
Daha sonra çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri Eyvaz Fərzəliyev, şəhid atası, Şəhriyar bələdiyyəsinin sədri Fəzail Cəfərov, təqaüdçü müəllim Məhərrəm Məhərrəmov və Qaratəpə kənd ümumi orta məktəbinin direktoru Məleykə Ağayeva bildiriblər ki, YAP-ın VIII Qurultayı bir daha hər kəsə Azərbaycanın öz xarici siyasətini heç bir dövlətin daxili işlərinə qarışmasına imkan verməyəcək şəkildə qurduğunu göstərdi. Dövlət başçısının strategiyasının əsas prioritetlərindən biri ordunun qüdrətinin və hərbi potensialının davamlı olaraq yüksəldilməsidir. İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun qurulması, şəhər və kəndlərin salınması, eləcə də keçmiş məcburi köçkünlərin qayıdışı strateji vəzifə olaraq qalır. Ölkənin iqtisadi imkanlarından maksimum istifadə etməklə cəmiyyətin rifahının yüksəldilməsi və insan kapitalının inkişafı ardıcıl təmin olunur.
Müşavirədə sosial-iqtisadi sahədə əldə edilən uğurlardan, həyata keçirilən layihələrdən, milli-mənəvi dəyərlərin qorunmasından, ideoloji işin düzgün qurulmasından və bu istiqamətdə aidiyyəti qurumların qarşısında duran vəzifələrdən bəhs edilib.
Vurğulanıb ki, müasir dövrdə ideoloji təhdidlər sərhəd tanımır, buna görə də ölkəmizin xaricdən yönələn ideoloji təxribatlardan qorunması üçün yüksək təhsil səviyyəsi və güclü vətənpərvərlik ruhu vacibdir. Ölkə daxilində sabitlik və əmin-amanlıq qorunur, xaricdən gələn ideoloji təzyiqlərə qətiyyətlə cavab verilir və qabaqlayıcı təhlükəsizlik tədbirləri davamlı həyata keçirilir.
Tədbirin sonunda çıxış edənlər qarşıda duran vəzifələrin icrası ilə bağlı fikir və təkliflərini bölüşüblər.
Müxbir-Aydın Yavərzadə