Naxçıvan Uşaq Bərpa Mərkəzinə mediatur təşkil olunub VİDEO
Naxçıvan, 21 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan Uşaq Bərpa Mərkəzinə mediatur təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, media nümayəndələri müəssisənin fəaliyyəti barədə məlumatlandırılıblar. Bildirilib ki, Mərkəzdə əlilliyi olan uşaqların həm ambulator, həm də stasionar şəraitdə tibbi və sosial-psixoloji reabilitasiyası həyata keçirilir.
Son illər müəssisənin maddi-texniki imkanlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Xüsusilə Heydər Əliyev Fondu tərəfindən Mərkəzə bir sıra müasir reabilitasiya avadanlıqları hədiyyə edilib.
Burada bərpa kursuna cəlb edilən hər bir uşaqla bağlı fərdi reabilitasiya proqramı tərtib olunur və bu proqram əsasında onların funksional bacarıqlarının inkişafına, gündəlik həyata və cəmiyyətə inteqrasiyasına dəstək işləri aparılır.
Cari ilin 9 ayında da Mərkəzdə əlilliyi olan 434 uşağa reabilitasiya xidmətləri göstərilib.
Həmçinin “RehaBus” (Reabilitasiya Avtobusu) xidməti tərəfindən əlilliyi olan uşaqların ambulator və stasionar reabilitasiya xidmətlərinə əlçatanlığının artırılmasına dəstək göstərilir.
Media nümayəndələri əlilliyi olan uşaqlar üçün Mərkəzdə yaradılmış şəraitlə, tətbiq edilən reabilitasiya üsulları, xidmət prosesi ilə yaxından tanış olublar.
Müxbir- Nail Əsgərov