İdeoloji təhlükəsizlik müasir dövrün ən mühüm çağırışlarından biridir – Kürdəmirdə müşavirə VİDEO
Kürdəmir, 21 oktyabr, AZƏRTAC
Kürdəmirdə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib.
Müşavirədə rayon icra hakimiyyətinin başçısı, YAP Kürdəmir rayon təşkilatının sədri və partiya fəalları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, Ağsaqqallar Şurasının və Ziyalılar Cəmiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
İcra hakimiyyətinin başçısı Elşən Həsənli yeni ictimai-siyasi və geosiyasi şəraitdə keçirilən VIII Qurultayda dövlət başçısının ölkənin gələcək inkişafına hesablanmış proqram xarakterli çıxışının əhəmiyyətindən danışıb. Bildirilib ki, Prezidentin irəli sürdüyü prioritet istiqamətlər xalqımızın milli maraqlarına söykənən strateji hədəfləri, təhlükəsizlik məsələlərini və əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasını əhatə edir. Elşən Həsənli dövlət başçısının tapşırıq və tövsiyələrindən irəli gələrək hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb, hər kəsin xalqımızın rifahı və dövlətimizin qüdrətlənməsi naminə öz sahəsində bilik və bacarığını əsirgəməməli olduğunu diqqətə çatdırıb.
Müşavirədə çıxış edən Kürdəmir Rayon Ağsaqqallar Şurasının sədri Ayyət Nəsirov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin həyata keçirilməsinin ölkəmizin gələcək inkişafı, milli birliyin və dövlətçiliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Natiq çıxışında milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi, gənclərin zərərli təsirlərdən müdafiəsi, onların vətənpərvərlik və dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasının vacibliyini qeyd edib. O, ideoloji və maarifləndirmə işinin məqsədyönlü şəkildə qurulmasında təhsil müəssisələrinin, dövlət qurumlarının, ziyalıların və ictimaiyyət nümayəndələrinin birgə fəaliyyətinin əhəmiyyətini önə çəkib.
Şəhid anası Simuzər Bağıyeva ölkənin ictimai-siyasi həyatında və milli həmrəyliyin gücləndirilməsində Yeni Azərbaycan Partiyasının müstəsna rolunu qeyd edərək, müəyyənləşdirilən strateji hədəflər ətrafında sıx birləşməyin vacibliyini vurğulayıb.
Digər çıxış edənlər də ideoloji təhlükəsizliyin müasir dövrün ən mühüm çağırışlarından biri olduğunu bildirərək, bu istiqamətdə keyfiyyətli təhsilin və güclü vətənpərvərlik tərbiyəsinin həlledici rol oynadığını diqqətə çatdırıblar.
Müxbir – Rəşad Türkoğlu