Türkiyənin Mardin şəhərində dünyaşöhrətli alim Əziz Səncərin ev-muzeyinin açılışı baş tutub VİDEO
Ankara, 21 oktyabr, AZƏRTAC
Türkiyənin cənub-şərqində yerləşən Mardin vilayətinin Savur rayonunda kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncərin ev-muzeyinin təntənəli açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə görkəmli alimlə yanaşı, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da iştirak edib.
Mardin şəhərindən olan məşhur alimin elmi işləri və nailiyyətləri barədə xatirəni gələcək nəsillərə çatdırmaq məqsədi daşıyan muzeyin açılışında çıxış edən nazir gəncləri Ə.Səncərdən nümunə götürməyə, “öz güclərinə inanmağa və arzularının ardınca getməyə” çağırıb. O, Nobel mükafatı laureatının doğulub boya-başa çatdığı evin ilkin planının bərpası işlərinin başa çatdığını, ümumi sahəsi 395 kvadratmetr olan binada muzey ekspozisiyasının yaradıldığını bildirib.
“Əziz Səncər zəhmətkeş türk alimlərinin nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirib”, – deyə mədəniyyət naziri vurğulayıb.
Professor Ə.Səncər isə Vətəninin onun üçün hər şeydən öndə olduğunu bildirib: “Mən Türkiyəni heç vaxt unutmadan zəhmətlə çalışdım və uğur qazandım. İstərdim ki, muzey uşaqların və yeniyetmələrin elmlə tanış ola biləcəyi bir mərkəzə çevrilsin”.