Gənclərin milli ruhda yetişdirilməsi qarşıda duran mühüm vəzifələrdəndir - Binəqədidə müşavirə VİDEO
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də Binəqədi Rayon İcra Hakimiyyətində Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla anıblar.
Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə geniş məruzə ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında müəyyənləşdirilən strateji hədəflərin və qarşıya qoyulan vəzifələrin ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Qeyd olunub ki, müasir dövrdə dövlətimizin siyasi, iqtisadi və hərbi qüdrətinin daha da artırılması ilə yanaşı, milli kimliyin qorunması, dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği və ideoloji təhlükəsizliyin təmin edilməsi xüsusi aktuallıq kəsb edir. Bu istiqamətdə məqsədyönlü fəaliyyətin gücləndirilməsi, gənc nəslin milli ruhda və vətənpərvərlik prinsipləri əsasında yetişdirilməsi qarşıda duran mühüm vəzifələrdəndir.
Elxan Allahverdiyev Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi Zəfərin xalqımızın birliyinin, milli iradəsinin və dövlətimizin gücünün təzahürü olduğunu diqqətə çatdırıb. O, tarixi nailiyyətlərin qorunmasının, ordumuzun müdafiə qüdrətinin daha da möhkəmləndirilməsinin, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin davam etdirilməsinin, iqtisadi inkişafın sürətləndirilməsinin və əhalinin sosial rifahının yüksəldilməsinin qarşıda duran əsas vəzifələr sırasında olduğunu bildirib.
Müşavirədə qarşıya qoyulan vəzifələr və onların həyata keçirilməsində müxtəlif sahələrin rolu barədə Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas, III dərəcəli ədliyyə general-mayoru Akif Rəfiyev, Vətən müharibəsi şəhidi, “Qarabağ” ordenli baş leytenant Cəmil Nəcəfovun anası Mətanət Nəcəfova, 246 nömrəli məktəb-liseyin Əməkdar müəllimi Sevda Namazova, Vətən müharibəsi iştirakçısı və qazisi, “Cəsur döyüşçü” medalı ilə təltif olunmuş Ruslan Şıxıyev, N.Babayev adına 144 nömrəli tam orta məktəbin direktoru İlahə Həmidova çıxış ediblər.
Çıxışlarda ordu quruculuğunun möhkəmləndirilməsi, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısının davam etdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanması məsələlərinə xüsusi diqqət yetirilib.
Bildirilib ki, ideoloji təhlükəsizliyin təmin olunmasında təhsil və maarifləndirmə mühüm rol oynayır. Müəllimlərin, ağsaqqalların, gənclərin və ictimaiyyət nümayəndələrinin bu istiqamətdə birgə fəaliyyəti, tarixi həqiqətlərin gələcək nəsillərə düzgün çatdırılması, milli yaddaşın qorunması və vətənpərvərlik ruhunun gücləndirilməsi dövlətçilik ənənələrinin davamlılığının təmin edilməsinə xidmət edir.
Müşavirənin sonunda yekun nitqi ilə çıxış edən icra başçısı Elxan Allahverdiyev müzakirə olunan məsələlərin əhəmiyyətini bir daha vurğulayaraq qarşıya qoyulan vəzifələrin hər bir sahə üzrə ardıcıl və məsuliyyətlə həyata keçirilməsinin vacibliyini qeyd edib.
O, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərdən irəli gələn vəzifələrin icrasında dövlət qurumlarının, təhsil müəssisələrinin və ictimaiyyət nümayəndələrinin üzərinə düşən məsuliyyətə diqqət çəkib. Dövlətimizin davamlı inkişafı, milli həmrəyliyin daha da möhkəmləndirilməsi və xalqımızın rifahının yüksəldilməsi naminə birgə səylərin gücləndirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.