Türk nazir: İnnovativ proqram təminatı və tətbiqlər vasitəsilə xidmətin keyfiyyətini yüksəltməyi hədəfləyirik VİDEO
Xankəndi, 23 oktyabr, AZƏRTAC
Güclü sosial müdafiə sistemi yalnız insanların təhlükəsizliyini təmin etməklə kifayətlənməməli, eyni zamanda, ehtiyacların düzgün müəyyənləşdirilməsini, dövlət resurslarından ədalətli, səmərəli və hesabatlı şəkildə istifadə olunmasını da nəzərdə tutmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.
“Rəqəmsal transformasiya və məlumatların təhlili sosial siyasətimizi daha dəqiq qərarlar əsasında formalaşdırmağımıza mühüm töhfələr verir. Lakin bu imkanlardan istifadə edərkən insan ləyaqətini, şəffaflığı, hesabatlılığı, şəxsi məlumatların qorunmasını və xidmətlərdə bərabərliyi əsas götürən insanmərkəzli yanaşmanın tətbiq edilməsinin vacib olduğunu düşünürük.
Bu baxımdan Türkiyə olaraq dövlət xidmətlərində rəqəmsal transformasiyanı insanmərkəzli və kompleks yanaşma əsasında həyata keçirdiyimizi vurğulamaq istəyirəm”, - deyə o bildirib.
Vedat Işıkhan diqqətə çatdırıb ki, 2008-ci ildə istifadəyə verilən və bu gün istifadəçilərinin sayı 70 milyona yaxınlaşan elektron hökumət portalı vasitəsilə Türkiyə vətəndaşları minlərlə dövlət xidmətindən vahid platforma üzərindən sürətli və təhlükəsiz şəkildə yararlana bilirlər: “Sosial Təminat Qurumumuzun rəqəmsal xidmətləri də elektron hökumət portalında il ərzində bir milyardı ötən klik sayı ilə ən çox istifadə olunan xidmətlər sırasındadır. İnnovativ proqram təminatı və tətbiqlərimiz vasitəsilə bürokratiyanı azaldaraq xidmətin keyfiyyətini yüksəltməyi, süni intellektə əsaslanan alətlər və məlumatların təhlili sayəsində əmək bazarının dəyişən ehtiyaclarını daha səmərəli şəkildə izləməyi hədəfləyirik. Əlbəttə, həmin texnologiyalardan istifadə edərkən şəxsi məlumatların qorunması, şəffaflıq, hesabatlılıq, alqoritmik ədalət və insan nəzarəti əsas prinsiplərimizdir".