Vedat Işıkhan: Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirmək əzmindəyik VİDEO
Xankəndi, 23 oktyabr, AZƏRTAC
Azərbaycanla əmək münasibətləri və sosial təminat sahələrində güclü institusional təmələ söykənən əməkdaşlığımızı cəmiyyətlərimizin dəyişən ehtiyaclarına uyğun olaraq daha da inkişaf etdirmək əzmindəyik.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan Xankəndidə keçirilən"SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.
"Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın əmək münasibətləri və sosial təminat sahələrində daşıdığı xüsusi əhəmiyyəti də vurğulamaq istəyirəm. Münasibətlərimiz dərin tarixi, mədəni və dil bağları ilə yanaşı, möhkəm həmrəylik və qarşılıqlı hörmət anlayışına əsaslanır. Türkiyə sosial idarəetmə sahəsində əməkdaşlığı həm ikitərəfli səviyyədə, həm də müvafiq regional və beynəlxalq platformalar vasitəsilə dərinləşdirməyə hər zaman hazırdır. Bu baxımdan inanıram ki, "SOCGOV 2026" ölkələr və qurumlar arasında məlumat mübadiləsini asanlaşdırmaqla, uğurlu təcrübələri nümayiş etdirməklə və yeni tərəfdaşlıqların qurulmasını təşviq etməklə bu ortaq səylərə dəyərli töhfə verəcək. Bundan əlavə, bu gün keçiriləcək sosial mükafatlandırma mərasiminin də innovativ və uğurlu təcrübələri ön plana çıxararaq yeni təşəbbüslərə ilham verməsini arzulayıram", - deyə türk nazir diqqətə çatdırıb.