Balakəndə qarğıdalı biçini davam edir: Məhsuldarlıq yüksək, qiymətlər aşağıdır VİDEO
Balakən, 23 oktyabr, AZƏRTAC
Azərbaycanda istehsal olunan dən qarğıdalının 22-25 faizi Balakənin payına düşür. Bu il rayonda 7591 hektar sahədə əkin aparılıb, orta məhsuldarlıq hər hektardan 82 sentner təşkil edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkənin şimal-qərb qapısı sayılan Balakən qarğıdalı əkini sahəsinə və istehsal həcminə görə respublikada birincilər sırasındadır. Sentyabrın sonlarından rayonun tarlalarında dən qarğıdalının biçini başlayıb. Fermerlər məhsuldarlıqdan razıdırlar, amma satış qiymətləri heç də ürəkaçan deyil.
Yağışlı hava məhsuldarlığı artırıb
Biçin işlərini yerində görmək üçün təsərrüfatlardan birinə yollanırıq. Fermer Nüsrət Əsgərov uzun illərdir qarğıdalı becərmək üzrə ixtisaslaşıb. Bu il 40 hektarda əkin aparıb. Rayonda əkin sahələri əsasən suvarılan ərazilərdə yerləşsə də, onun icarəyə götürdüyü torpaqların böyük hissəsi dəmyədir. Buna baxmayaraq, bu ilin yağışlı havası qarğıdalı üçün əlverişli olub.
Torpaq icarəsi, gübrə, toxum, yanacaq və texnika xərclərinin ildən-ilə artması isə fermerlərin işini çətinləşdirir. Əsgərovun sözlərinə görə, əkinin başlanmasından indiyədək bir hektara 1800-2000 manat xərc çəkilib.
“Bu il məhsuldarlığımız gözəldir. Hava yağışlı olduğundan yaxşı məhsul yetişib. Bir hektara 2 min manata yaxın xərcimiz çıxır. Belə götürəndə məhsulun qiymətləri çox aşağıdır. Əvvəlki illərə nisbətən hər şey bahalaşıb. Yanacaq baha olanda texnikalar da baha qiymətə gəlir. İndiki qiymətlər bizi qane eləmir”, - deyir fermer.
Əsgərov bildirir ki, ötən il də eyni problemlə üzləşiblər, lakin alıcı şirkətlərlə danışıqlardan sonra qiymətlər az da olsa dəyişdirilib.
“Məhsuldarlıq pis deyil, amma qiymət aşağıdır”
İsrafil Baraqov isə bu il ilk dəfə 10 hektar sahədə qarğıdalı əkib. Başqa fermerlərdən fərqli olaraq xeyli həyəcanlı görünür. Səbəb aydındır: xərc böyükdür, gəlirin nə qədər olacağı isə qiymətdən asılıdır.
“Bu il ilk dəfə 10 hektar əkin aparmışıq. İndi Nüsrət müəllimlə sahəyə baxış keçirdik. Məhsuldarlıq pis deyil, amma qiymət aşağıdır, 25-35 qəpik arasında dəyişir. Bu il hər hektara 2 min manata yaxın xərc çəkmişik. Yaxşı olar ki, alıcı şirkətlər qiymətləri qaldırsınlar. Yoxsa gəlirlərimiz xərcləri ancaq ödəyəcək”.
Bazar qiymətləri sərbəst formalaşır
Balakən Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) nümayəndələri də mütəmadi olaraq biçin gedən sahələrə baş çəkir, fermerlərin problemləri ilə maraqlanırlar. Fermerlərlə söhbətdən sonra mərkəzin əməkdaşı Səxavət Əmirxanovla danışırıq. Deyir ki, bu il rayonda 7591 hektar sahədə qarğıdalı əkini aparılıb: “Hazırkı dövrədək məhsuldarlıq 82 sentner təşkil edir. Bu günə kimi qarğıdalı sahələrinin 70 faizində biçin başa çatıb. Keçən ilə nisbətən bu il bizdə qarğıdalı əkini sahələri artıb. Həmçinin qarğıdalının məhsuldarlığı da artıb”.
Səxavət Əmirxanov fermerlərin qiymətlərlə bağlı narazılığından xəbərdar olduqlarını bildirir. Lakin bazar qiymətlərinin sərbəst formalaşdığını, buna görə də alıcı şirkətlərin fəaliyyətinə təsir göstərməyin mümkün olmadığını vurğulayır.
Onun sözlərinə görə, ötən il DAİM-in təşəbbüsü ilə rayon rəhbərliyi, fermerlər və alıcı şirkətlər görüşüb. Müzakirələr zamanı alıcılara qiymətlərin bazara uyğun müəyyənləşdirilməsi və fermerlərin texniki xərclərinin nəzərə alınması tövsiyə edilib.
Müxbir - Rasim İslamoğlu