Ülvi Mehdiyev: Əlçatanlığın artırılması məqsədilə yeni layihə və xidmətlərin istifadəyə verilməsi mühüm yanaşmalardandır VİDEO
Xankəndi, 23 oktyabr, AZƏRTAC
Hazırda 52 dövlət Azərbaycanın “ASAN xidmət” modelinin təcrübəsini öyrənir. ASAN təcrübəsinin tətbiqi ilə dünyada 600-dən çox xidmət mərkəzi yaradılıb və bu mərkəzlərin xidmət göstərdiyi əhalinin sayı 800 milyona yaxındır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Xankəndidə keçirilən “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.
O bildirib ki, 2012-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü və Fərmanı ilə dövlət xidmətlərinin əhalinin bütün qrupları üçün əlçatan, şəffaf və sıfır bürokratiya prinsipi əsasında təşkili, dövlət qulluqçusu ilə vətəndaş münasibətlərində yeni yanaşmanın və xidmət mədəniyyətinin formalaşdırılması məqsədilə "ASAN xidmət" təsis olunub. Qeyd edilib ki, bu gün "ASAN xidmət" şəffaflıq, əlçatanlıq və operativlik prinsipləri əsasında yalnız Azərbaycan vətəndaşlarına xidmət göstərmir, eyni zamanda, ölkəmizin intellektual brendi kimi beynəlxalq miqyasda yayılır.
Ülvi Mehdiyev vurğulayıb ki, "ASAN xidmət"in əsas məqsədi bütün vətəndaşlar üçün əlçatan və şəffaf xidmətlərin təmin olunması, dayanıqlı inkişaf məqsədlərinə xidmət edilməsi və heç kimin kənarda qalmaması prinsipinə əməl olunmasıdır. Onun sözlərinə görə, bu model dövlət xidmətləri sahəsində institusional islahatdır.
Dövlət Agentliyinin sədri diqqətə çatdırıb ki, bu islahatın davamı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə DOST Agentliyi yaradılıb. DOST mərkəzlərinin yaradılmasında məqsəd sosial xidmətlər sahəsində həmin təcrübənin effektivliyini artırmaq və vətəndaşlara yüksək səviyyədə xidmət göstərməkdir.
O bildirib ki, qısa müddətdə DOST konsepsiyası özünü doğruldub və bu gün Azərbaycan əhalisi, xüsusilə dövlətin sosial siyasətinin hədəf qruplarına daxil olan vətəndaşlar bu konsepsiyanın imkanlarından uğurla yararlanırlar.
Ülvi Mehdiyev uğurların əldə olunmasında innovativ yanaşmaların, yeniliklərin və müasir texnologiyaların rolunu xüsusi vurğulayıb. Bildirib ki, vətəndaşlara xidmət və innovasiyalar bir tandemdə, bir sinerji ilə birləşdirilərək tətbiq edildikdə uğurlu nəticələr əldə olunur: “Bu sahədə əsas məqamlardan biri rəqəmsal təhlillərdir. Görülən işlər və əldə olunan nəticələr real vaxt rejimində təhlil edildikdə, vətəndaşların gözləntiləri, yanaşmaları, müraciətləri, şikayətləri və təklifləri rəqəmsal mühitdə analitik şəkildə araşdırıldıqda mümkün boşluqlara vaxtında müdaxilə etmək və biznes proseslərini optimallaşdırmaq imkanları yaranır. Bu da nəticə etibarilə vətəndaş məmnuniyyətinin yüksəlməsinə və xidmətlərin daha əlçatan olmasına şərait yaradır”.
Dövlət Agentliyinin sədri dataəsaslı qərar qəbuletmə mexanizminin vacibliyini vurğulayaraq bildirib ki, həm "ASAN xidmət", həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətləri, həm də DOST xidmətləri sahəsində xidmətlərin təhlili, biznes proseslərinin optimallaşdırılması, vətəndaşlar üçün əlçatanlığın artırılması məqsədilə yeni layihə və xidmətlərin istifadəyə verilməsi mühüm yanaşmalardandır.
“Düşünürəm ki, müasir dövrdə, xüsusilə süni intellekt əsrində xidmətlərə bu cür yanaşma gələcəkdə də Azərbaycanın bu sahədə ilklərə imza atmasına gətirib çıxaracaq”, – deyə Ülvi Mehdiyev bildirib.