Kristian Fillet: Süni intellekt düzgün idarə edilməsə xidmətləri dəstək göstərilməli olan insanlardan uzaqlaşdıra bilər VİDEO
Xankəndi, 23 oktyabr, AZƏRTAC
Sosial siyasət heç vaxt mücərrəd anlayış olmayıb. O, şəhərlərimizdə, regionlarımızda və sosial xidmət müəssisələrində ən həssas vəziyyətdə olan insanlara hər gün birbaşa dəstək göstərən mütəxəssislərin fəaliyyətində real məzmun qazanır.
AZƏRTAC xəbər verir ki, bunu Avropa Sosial Şəbəkəsinin sədri Kristian Fillet Xankəndidə keçirilən “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forumda videomüraciəti zamanı deyib.
O bildirib ki, inklüzivlik, müdafiə və insan ləyaqəti məhz burada təmin olunur: “Bu gün rəqəmsal analitika, süni intellekt və məlumatlara əsaslanan qərar qəbuletmə bu missiyanın gücləndirilməsi üçün geniş imkanlar yaradır. Həmin vasitələr ehtiyacları əvvəlcədən müəyyənləşdirməyə, dövlət xidmətlərinin göstərilməsini yaxşılaşdırmağa, daha səmərəli və çevik sosial siyasət hazırlamağa kömək edə bilər. Lakin bir məqamı da xüsusilə vurğulamaq istəyirəm. Süni intellekt, xüsusilə sosial sahədə, müəyyən risklərdən xali deyil. Əgər düzgün idarə olunmasa, o, bərabərsizlikləri dərinləşdirə, qərarların qəbulunda qərəzliliyə səbəb ola, insan nəzarətini zəiflədə və xidmətləri dəstək göstərilməsi nəzərdə tutulan insanlardan uzaqlaşdıra bilər”.
Onun sözlərinə görə, etimadın, etikanın və insan mühakiməsinin mühüm əhəmiyyət daşıdığı bir sahədə bu riskləri nəzərdən qaçırmaq olmaz. Məhz buna görə də texnologiya hər zaman insanlara xidmət etməlidir: “Ağıllı idarəetmə yalnız daha müasir sistemlər demək deyil. O, eyni zamanda, daha ədalətli nəticələr, şəffaflıq, hesabatlılıq və insan ləyaqətinin qorunması deməkdir. Bu kontekstdə Avropanın üzərinə mühüm vəzifə düşür. Avropa yerli səviyyədəki məsuliyyətləri əvəz etməklə deyil, istiqamət müəyyənləşdirməklə, çərçivələr formalaşdırmaqla və əməkdaşlığı təşviq etməklə bu prosesə töhfə verir. Ortaq prinsiplər, ümumi standartlar və əməkdaşlıq vasitəsilə Avropa rəqəmsal transformasiyanın sosial dəyərlərə və fundamental hüquqlara uyğun həyata keçirilməsinə kömək edir. Beynəlxalq əməkdaşlıq da eyni dərəcədə vacibdir. Heç bir ölkə və ya region bu çağırışlarla təkbaşına mübarizə apara bilməz. Təcrübələr bölüşüldükdə, yanaşmalar müqayisə edildikdə və sərhədlər arasında etimad qurulduqda innovasiyalar inkişaf edir. Avropa Sosial Şəbəkəsinin missiyası da məhz bundan ibarətdir: öyrənmə və təcrübə mübadiləsi şəbəkəsi olmaq, innovasiyalar üçün platforma yaratmaq, təcrübə, tədqiqat və qərar qəbul edən tərəflər arasında körpü rolunu oynamaq. Çünki sosial innovasiya təcrid şəraitində yaranmır. O, əməkdaşlıq nəticəsində inkişaf edir”.
Avropa Sosial Şəbəkəsinin sədri "SOCGOV 2026" çərçivəsində iştirakçıları rəqəmsal transformasiyanın yaratdığı həm imkanları, həm də məsuliyyətləri nəzərə almağa çağırıb: “Sosial idarəetmənin gələcəyi yalnız texnologiya ilə formalaşmayacaq. Əməkdaşlıq, məsuliyyət və ortaq dəyərlər əsasında qurulacaq. Gələcək proqnozlaşdırılmır, gələcək qurulur”.