Ucarda “Aqrar Biznes” və “I Çəltik” festivalı keçirilib VİDEO
Ucar, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 23-də Ucar rayonunda kənd təsərrüfatının inkişafına, yerli istehsalın təşviqinə və aqrar biznes imkanlarının genişləndirilməsinə həsr olunan “Aqrar Biznes” və “I Çəltik” festivalı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Ucar Rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev Parkı”nda keçirilən festivalın əsas məqsədi bölgənin aqrar potensialının nümayiş etdirilməsi, yerli fermerlərin dəstəklənməsi, çəltikçilik ənənələrinin qorunması və inkişaf etdirilməsi, kənd təsərrüfatı sahəsində mövcud biznes imkanlarının tanıdılması olub.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Prezidentin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda aqrar sahənin dayanıqlı inkişafı, istehsal potensialının gücləndirilməsi və rəqabətqabiliyyətliliyin artırılması prioritet istiqamətlər olaraq müəyyən edilib. Proqram çərçivəsində müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, intensiv meyvə bağlarının və istixana komplekslərinin inkişafı, taxılçılıqda məhsuldarlığın və istehsal həcminin artırılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə, istehsal xərclərinin optimallaşdırılması və fermer gəlirlərinin yüksəldilməsi əsas hədəflərdəndir.
Nazir əlavə edib ki, çəltikçilikdə məhsuldarlığın və məhsul keyfiyyətinin yüksəldilməsi, müasir becərmə texnologiyalarının tətbiqi, eləcə də məhsulun saxlanması və emalı infrastrukturunun inkişafı da əsas prioritetlərdəndir: “Bu gün Ucarda keçirilən “Aqrar Biznes və I Çəltik” Festivalı regionun aqrar potensialının nümayişi, fermerlər, sahibkarlar və investorlar arasında əlaqələrin genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi baxımından mühüm platformadır”.
Festival, eyni zamanda çəltikçiliyin inkişafı, mövcud imkanların genişləndirilməsi və istehsalçılar arasında əməkdaşlığın artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. İstehsalçılarla emal müəssisələri, təchizatçılar və bazar iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsi isə məhsulun dəyər zənciri üzrə səmərəli hərəkətinə və fermerlərin gəlirlərinin artmasına əlavə imkan yaradacaq.
Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov rayonun kənd təsərrüfatı potensialından danışıb, fermer və sahibkarların fəaliyyətinin dəstəklənməsinin əhəmiyyətinə toxunub. Rayonun aqrar ənənələrinin qorunması və müasir yanaşmalarla inkişaf etdirilməsinin vacib olduğunu deyən Mənsur Məmmədov belə tədbirlərin fermerlərin dövlət qurumları və aqrar sahənin digər iştirakçıları ilə birbaşa əlaqələrinin gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Aqrar Biznes Festivalı ilə bağlı təqdimat edib.
Festivalda yerli düyü sortları, fermerlərin istehsal etdikləri məhsullar təqdim olunub, kənd təsərrüfatının müxtəlif istiqamətlərini əhatə edən sərgi və nümayişlər təşkil edilib.
Media nümayəndələri üçün Ucar rayonunda fəaliyyət göstərən “Tarladan bazara” çəltik zavoduna mediatur da keçirilib.