Süni intellektlə gələcəyin idarə olunması: Proaktiv yanaşmalar və yeni imkanlar - Müzakirə VİDEO
Xankəndi, 23 oktyabr, AZƏRTAC
Xankəndi şəhərində keçirilən “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə "Süni intellektlə gələcəyin idarə olunması: Proaktiv yanaşmalar və yeni imkanlar” adlı yan tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Dünya Bankının nümayəndəsi Key Atandanın moderatorluğu ilə keçirilən tədbirdə Qarabağ Universitetinin Tədqiqat və İnnovasiyalar Mərkəzinin direktoru Ceyhun Məmmədov, ASAN AI Hub-ın rəhbəri Ləman İbrahimova və ADA Universitetinin müəllimi, süni İntellekt Strategiyası və İdarəetməsi üzrə ekspert Rəna Ələsgərova iştirak ediblər.
Qarabağ Universitetinin Tədqiqat və İnnovasiyalar Mərkəzinin direktoru Ceyhun Məmmədov bildirib ki, 2026-cı ildə 35 ölkədən 45 mindən çox tələbə və müəllimin iştirakı ilə qlobal sorğu aparılıb. O deyib ki, Rəqəmsal Təhsil Şurasının (Digital Education Council) 2026-cı ildə keçirdiyi sorğunun nəticələrinə əsasən, tələbələrin 88 faizindən çoxu, müəllimlərin isə 77 faizi təhsil və tədqiqat fəaliyyətlərində süni intellektdən istifadə edirlər. Kaliforniya Dövlət Universitetinin 94 mindən çox tələbə arasında keçirdiyi sorğunun nəticələri də əsas məsələnin süni intellektin qadağan edilib-edilməsi deyil, universitetlərin bu texnologiyadan istifadəyə necə istiqamət verməsi olduğunu göstərir.
"Digər maraqlı məqam ondan ibarətdir ki, son 10 ildə ümumi vakansiyaların sayında artım 7 faiz olduğu halda, süni intellektlə əlaqəli vakansiyalarda artım 140 faizə çatıb. Bir sözlə, qadağa qoymaq qeyri-real bir tədbirdir, lakin vəziyyətə göz yummaq riskli ola bilər. Buna görə də universitetlər təşəbbüsü ələ almalıdır. Fikrimcə, bu prosesə rəhbərlik edən qurumlar növbəti onillik üçün təhsil standartlarını müəyyən edəcək", - deyə mərkəzin direktoru bildirib.
Ceyhun Məmmədov vurğulayıb ki, araşdırmalar süni intellektdən sərbəst istifadə edən tələbələrin ev tapşırıqlarında daha yaxşı nəticələr göstərdiklərini nümayiş etdirsə də, imtahan zamanı bu texnologiyadan istifadə edə bilmədikdə nəticələrinin aşağı düşdüyünü göstərir: "Bu yaxınlarda PISA 2025-in nəticələri də açıqlanıb. Həmin nəticələrə əsasən, süni intellektdən gündəlik istifadə edən və onun cavablarını yoxlamaq qaydaları öyrədilən tələbələr 13 faiz daha yüksək nəticə göstəriblər. Bu fərqin yarım ildən çox tədrisə bərabər olduğu bildirilir. Burada əsas məqam tələbələrin süni intellektdən hazır cavabları köçürmək və tapşırıqları asanlıqla yerinə yetirmək üçün deyil, öyrənmək məqsədilə istifadə etmələridir. Buna görə də çıxış yolu süni intellekti qadağan etmək deyil, ondan düzgün istifadə qaydalarını öyrətməkdir. Universitetlər həm özləri üçün, həm də bütövlükdə ölkə üzrə tətbiq oluna biləcək standartları müəyyənləşdirməyə hazır olmalıdır".
ADA Universitetinin müəllimi, süni intellekt strategiyası və idarəetməsi üzrə ekspert Rəna Ələsgərova diqqətə çatdırıb ki, süni intellektin tətbiqi zamanı əsas çətinliklərdən biri pilot layihələrin geniş miqyasda tətbiqinə keçid zamanı yaranır. Onun sözlərinə görə, bu alətlər ilkin mərhələdə, adətən, azsaylı istifadəçilərlə, əsasən də texnologiyaya maraq göstərən şəxslərlə sınaqdan keçirilir. Lakin tətbiqin miqyası genişləndikcə problemlər meydana çıxır. Rəna Ələsgərova qeyd edib ki, süni intellektin imkanlarına həddindən artıq nikbin yanaşma və bu sistemlərə çox güvənilməsi etimadın azalmasına səbəb olur. O, süni intellekt agentləri ilə köməkçiləri arasında fərq olduğunu vurğulayaraq, hazırda süni intellektin iş prinsiplərini tam izah etməyin mümkün olmadığını bildirib.
Mütəxəssis deyib ki, süni intellektdən istifadə ilə bağlı siyasət və qaydalar hazırlanarkən bu texnologiyanın tətbiqinə və yeni istifadə hallarına görə məsuliyyət daşıyan şəxslər və ya qruplar müəyyənləşdirilməlidir. Onun sözlərinə görə, tələbələr, müəllimlər, tədqiqatçılar, sənaye və təhsil müəssisələrində, şirkətlərdə çalışanlar problemlə qarşılaşdıqda kimə müraciət edəcəklərini bilməlidirlər. Rəna Ələsgərova bildirib ki, süni intellekt qərar qəbul edən tərəf deyil, vasitə kimi istifadə olunmalı, son qərarvermə səlahiyyəti insanda qalmalıdır. Bu, həm də süni intellektdən istifadə üzrə bacarıq və səriştələrlə bağlıdır. İnsanlar həmin texnologiyanın necə işlədiyini və düzgün fəaliyyət göstərmədikdə nə etməli olduqlarını bilməlidirlər. Süni intellektin sistemlərə inteqrasiyası yalnız qeyd edilən şərtlər nəzərə alındıqda mümkün ola bilər.
ASAN AI Hub-ın rəhbəri Ləman İbrahimova vurğulayıb ki, platforma Azərbaycanda açıq innovasiyanın təşviqi məqsədilə yaradılıb: "Platforma çərçivəsində dövlət və özəl sektor nümayəndələri qarşılaşdıqları problemləri təqdim edir. Daha sonra biz həmin problemlərin həlli prosesinə qoşulmaq üçün müvafiq bilik və bacarıqlara malik şəxsləri cəlb edirik. Bu prosesdə, xüsusilə özəl sektora, universitet tələbələrinə və tədqiqatçılara diqqət yetiririk. Hazırda Azərbaycanda 9, xaricdə isə 3 universitetlə əməkdaşlıq edilir. İndiyədək dövlət və özəl sektor tərəfindən irəli sürülən 4 çağırış həyata keçirilib. O vurğulayıb ki, çağırışlar üçün ayrılan büdcə məhdud olsa da, təqdim edilən həllərin dəyəri həmin büdcədən xeyli yüksək olub. Bu da bazarda kifayət qədər böyük potensialın mövcudluğunu göstərir. Həmin potensialı üzə çıxarmaq üçün tələbələrimizə və startaplarımıza bu çağırışlarda iştirak etmək imkanı yaratmalıyıq".
O, həmçinin qeyd edib ki, ASAN AI Hub istifadəçilərə yüksəkkeyfiyyətli süni intellekt kurslarından yararlanmaq imkanı təqdim edir. Bu məqsədlə indiyədək süni intellekt üzrə kurslar təklif edən 9 beynəlxalq qurumla əməkdaşlıq qurulub. Kurslar ödənişsiz və ya kursun şərtlərindən asılı olaraq güzəştli qiymətlərlə təqdim olunur. Ləman İbrahimovanın sözlərinə görə, süni intellekt sahəsində beynəlxalq sertifikat əldə etmək istəyən şəxslər platformanın imkanlarından istifadə edə bilərlər.
Yan tədbir sual-cavab sessiyası ilə davam edib.