NDU beynəlxalq akademik əməkdaşlığı genişləndirir VİDEO
Naxçıvan, 23 oktyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında bu ölkənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Şanxay Mühəndislik Elmləri Universitetinin rəhbərliyi ilə görüş keçirib.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşdə iki universitet arasında təhsil, elmi tədqiqat, innovasiya və beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Tərəflər Naxçıvan Dövlət Universitetində HSK – Çin dili üzrə beynəlxalq səviyyə imtahanı mərkəzinin yaradılması, eləcə də Çin dili üzrə hazırlıq imkanlarının genişləndirilməsi məsələlərinə toxunublar. Təşəbbüsün həyata keçirilməsi Naxçıvanda bu sahədə ilk addım olmaqla, NDU-da HSK imtahanlarının təşkili və Çin dili üzrə hazırlıq prosesinin həyata keçirilməsinə imkan yaradacaq.
Əməkdaşlığın digər istiqamətləri sırasında süni intellekt, dizayn və bərpaolunan enerji sahələrində magistratura səviyyəsində ikili diplom proqramlarının yaradılması məsələləri yer alıb. Bu sahələrdə birgə təhsil proqramlarının hazırlanması, elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin təşkili, həmçinin NDU tələbələrinin Şanxayda keçiriləcək yay məktəblərində iştirakı ilə bağlı imkanlar nəzərdən keçirilib. Bildirilib ki, belə təşəbbüslər tələbələrin beynəlxalq təcrübəsinin artırılmasına, müəllimlərin akademik əlaqələrinin genişləndirilməsinə və hər iki universitetin elmi potensialının inkişafına töhfə verə bilər.
Şanxay Mühəndislik Elmləri Universiteti əsasən mühəndislik, tətbiqi texnologiyalar və dizayn sahələri üzrə ixtisaslaşır. Universitetin güclü istiqamətlərinə avtomobil və maşınqayırma mühəndisliyi, elektrik-elektronika, kompüter elmləri, aviasiya və dəmir yolu nəqliyyatı, enerji texnologiyaları və yaradıcı dizayn daxildir. Tədrisdə praktiki hazırlığa, sənaye ilə əməkdaşlığa və innovasiyalara xüsusi önəm verilir.
Görüşdən sonra NDU nümayəndə heyəti Şanxay Mühəndislik Elmləri Universitetinin kampusu, tədris və tədqiqat infrastrukturu, müasir laboratoriyaları və ixtisaslaşmış fakültələri ilə tanış olub. Universitetin təhsil və elmi fəaliyyətinin təşkili, sənaye ilə əlaqələri və beynəlxalq əməkdaşlıq təcrübəsi barədə məlumat verilib.
Müxbir - Nail Əsgərov