Kitab sərgisinin fəxri yazıçısı: Uşaqlarda mütaliəyə maraq oyatmağa çalışırıq VİDEO
Bakı, 24 oktyabr, AZƏRTAC
Uşaq kitabları böyük bir sınaqdan keçdi. Çünki onların qarşısına alternativ, çox güclü bir rəqib – texnologiya çıxdı. Kompüterlər, telefonlar və digər rəqəmsal vasitələr kitabları bir qədər arxa plana keçirdi. Amma yaxşı ki, yazıçıların, nəşriyyatların və kitabsevərlərin səyləri sayəsində kitablar yavaş-yavaş öz əvvəlki mövqelərinə qayıdır.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İqtisadi kibernetika kafedrasının dosenti, uşaq yazıçısı, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskaya (Yusifqızı) deyib.
O bildirib ki, hazırda əsas məsələ uşaqlarda kitaba, mütaliəyə maraq oyatmaqdır: "Biz də bunun üçün çalışırıq. Bəs bunun üçün nə etmək lazımdır? Çox yaxşı, maraqlı, müasir mövzuları əhatə edən, dili səlis və sadə, uşaqların anlayacağı tərzdə kitablar yazmaq lazımdır.
Kitablar gözəl tərtib olunmalı, illüstrasiyaları ilə uşaqların diqqətini cəlb etməlidir. Çünki gələcəyimiz bu uşaqlarla bağlıdır və onların mütaliəsi səviyyələrini müəyyən edir".