Leysan və dolu Zaqatalanın kəndlərində meyvə ağaclarına ziyan vurub VİDEO
Zaqatala, 24 oktyabr, AZƏRTAC
Xəbər verildiyi kimi, ötən axşam şimal-qərb bölgəsində hava şəraiti kəskin dəyişib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nəticədə bölgənin yüksək dağlıq ərazilərinə qar, dağətəyi yaşayış məntəqələrinə isə güclü leysan yağıb, bəzi ərazilərə dolu düşüb.
Qeyri-sabit hava şəraiti daha çox Zaqatala rayonunda müşahidə olunub. Yuxarı Tala kənd sakini Həsən Əliyevin sözlərinə görə leysan və dolu əsasən Zaqatalanın Yuxarı Tala, Meşleş və Ələsgər kəndlərinə yağıb.
Digər kənd sakini Nəriman Şabanov bildirib ki, dolu ağaclardakı xurma, alma və armud meyvələrini zədələyib.
Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən, leysan və dolu yağmasına baxmayaraq, çaylarda heç bir daşqın təhlükəsi yoxdur.
Komissiyadan o da bildirilib ki, hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.
Müxbir - Rasim İslamoğlu