İlqar Fəhmi: Kitab sərgisi oxuculara yazıçılarla canlı ünsiyyət imkanı yaradır VİDEO
Bakı, 24 oktyabr, AZƏRTAC
Kitab sərgiləri dünyada sınaqdan çıxmış bir təcrübədir. Bütün Avropa ölkələrində, Amerikada mütəmadi olaraq hər şəhərdə, hətta hər qəsəbədə bu cür kitab sərgiləri keçirilir. Ölkəmizdə də belə tədbirlərin keçirilməsi çox uğurludur. O mənada ki, hansısa kitabı almaq üçün mağazaya gedirsən, bir kitab alıb oxumağa başlayırsan. Amma belə tədbirlər insanı, oxucunu birbaşa bayramın, təntənəli ab-havanın içinə salır.
Bunu AZƏRTAC-a açıqlamasında şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi deyib.
O bildirib ki, sərgidə yazıçılarla görüşlərin keçirilməsi də çox əhəmiyyətlidir: "Bilirsiniz ki, XXI əsrdə - interaktiv dövrdə insanlar canlı ünsiyyəti sevirlər. Öz sevdikləri yazıçılarla, kitablarını oxuduqları müəlliflərlə canlı ünsiyyətdə olmaq çox əhəmiyyətli bir şeydir. Mən elə uşaqlar tanıyıram ki, bu sərgi başlayandan günlərlə, səhərdən axşama qədər burada olurlar. Niyə? Çünki hər saat hansısa yazıçı ilə görüş, bir tədbir, imza saatı keçirilir. Bu tədbirlərin təşkili çox böyük, ruhverici bir işdir. İstənilən vaxt, bir-iki saatlıq gəlirsən və hansısa yazıçı ilə görüşə, maraqlı müzakirəyə, tədbirə rast gələ bilirsən. Yəni bu tədbirlər fasiləsiz olaraq davam edir.
Düşünürəm ki, bu, ümumiyyətlə, Azərbaycan mədəniyyəti üçün çox mühüm hadisədir”.