Asif Hacıyev: Geopoetika Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır VİDEO
Bakı, 24 oktyabr, AZƏRTAC
Kitab sərgiləri gənc nəslin milli kimliyinin dərk edilməsi, mədəniyyətə, elmə və təhsilə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, geopoetika üzrə tədqiqatlar xalqımızın tarixi məkanlarının öyrənilməsinə və öz torpağımıza bağlılığımızın daha da güclənməsinə töhfə verir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Asif Hacıyev deyib.
O bildirib ki, müxtəlif sərgilərə, xüsusən də mədəniyyət və ədəbiyyatla bağlı kitab sərgilərinə böyük dəyər verir. Müasir dövrdə hər bir xalq öz varlığını və kimliyini mədəniyyəti, elmi və təhsili ilə tanıtdıra bilər.
Professor sərgidə Azərbaycanı hərtərəfli və rəngarəng şəkildə əks etdirən kitabların toplandığını vurğulayıb. Onun sözlərinə görə, belə sərgilərin əsas hədəfi gənclər, o cümlədən tələbələr, müəllimlər və gənc müəllimlər olmalıdır.
O, bu cür sərgilərin gələcəkdə də davamlı təşkil edilməsinin gənc nəslin inkişafı baxımından əhəmiyyətini qeyd edib.
Asif Hacıyev geopoetikanın son dövrlərdə formalaşmaqda olan elmi-tədqiqat metodologiyası olduğunu bildirib. Qeyd edib ki, bu tədqiqat istiqaməti Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.
“Geopoetika bu torpaqların coğrafi şəraitini, landşaftı, həm də tarixi məkanlarımızı öyrənən bir elm sahəsi kimi bu sərgidə də təmsil olunur”, - deyə professor bildirib.
O, xalqımızın öz torpağını və milli kimliyini daha böyük qürurla dərk etdiyini vurğulayaraq, Qarabağın azad edilməsindən sonra yaranan ruh yüksəkliyinin elmə və təhsilə də təsir göstərdiyini qeyd edib: “Bu ruh yüksəkliyi həm də bizim elmimizə, təhsilimizə təsir edir və əminəm ki, bu kimi tədqiqatlar bizi öz vətənimizə və torpağımıza daha çox bağlayacaq”.