Mütaliəni necə vərdişə çevirməli? – Xalq şairindən tövsiyələr VİDEO
Bakı, 24 oktyabr, AZƏRTAC
Bəzən bir kitabı böyük həvəslə alır, ilk səhifələrini maraqla oxuyur, lakin bir müddət sonra onu yarımçıq qoyuruq. Bəs mütaliəyə olan marağı necə qorumalı və kitab oxumağı gündəlik vərdişə çevirə bilərik?
Xalq şairi Sabir Rüstəmxanlı bu sual ətrafında fikirlərini AZƏRTAC-la bölüşüb.
Sabir Rüstəmxanlı Azərbaycan ədəbiyyatının zənginliyinə toxunaraq qeyd edib ki, hər xalqın ədəbiyyatı onun tarixini, mədəniyyətini və özünəməxsus dəyərlərini əks etdirir. Bu dəyərlər isə bütövlükdə bəşəri dəyərlərin formalaşmasına töhfə verir.
Xalq şairi gənclərin milli ədəbi irsimizi daha dərindən öyrənməsinin vacibliyini diqqətə çatdırıb. O, Nəsiminin yaradıcılığını anlamaq üçün şairin dilinin incəliklərinə və əsərlərinin dərin qatlarına bələd olmağın əhəmiyyətini qeyd edib. Həmçinin Cəlil Məmmədquluzadənin əsərlərində bu günün problemlərinin də əks olunduğunu, Sabirin isə yalnız şair deyil, həm də böyük filosof olduğunu bildirib.
O deyib ki, kitab oxumaq bir vərdişdir və bu vərdişə yiyələnən insan oxuduğu əsəri bir neçə səhifədən sonra kənara qoymur.
Mütaliə vərdişinin formalaşmasında müəllimlərin roluna da toxunan Sabir Rüstəmxanlı hesab edir ki, uşaqlara kitab sevgisi məktəb yaşlarından aşılanmalıdır. Müəllimlər şagirdlərə kitablar tövsiyə etməli, oxuduqları əsərlər barədə onlarla müzakirələr aparmalı, uşaqları müstəqil düşünməyə və oxuduqlarını təhlil etməyə təşviq etməlidirlər. Beləliklə, kitab oxumaq uşaqlar üçün sadəcə tapşırıq deyil, maraqlı və davamlı məşğuliyyətə çevrilə bilər.
Xalq şairi özü də hər axşam kitab oxumadan yata bilmədiyini söyləyib. Onun sözlərinə görə, mütaliə zaman keçdikcə insanın həyat tərzinin ayrılmaz hissəsinə çevrilir.
Sabir Rüstəmxanlı elektron və səsli kitabların müasir dövrdə yaratdığı imkanları da dəyərləndirib. Bununla belə, kağız kitabın özünəməxsus yerini qoruduğunu vurğulayıb. Qeyd edib ki, kitablar tarix boyu müxtəlif formalarda mövcud olsa da, onların mahiyyəti və dəyəri dəyişmir.
“Zaman, sivilizasiya dəyişir. Amma kitabın dəyəri itməyəcək. Yeni kitab növləri ixtira olunduqca, ən qədim kitabların qiyməti daha da artır", - deyə Xalq şairi fikrini yekunlaşdırıb.