Professor Orxan İsayev: Almaniyadakı azərbaycanlı həkimlərin təcrübəsi səhiyyəmizin inkişafına töhfə verir VİDEO
Ayzenax, 25 oktyabr, AZƏRTAC
Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD) silsilə tədbirlərinin keçirilməsi həm Azərbaycan səhiyyəsi, həm də Almaniyada çalışan azərbaycanlı həkimlərin bu səhiyyə sisteminə inteqrasiya olunması, bilik və təcrübə mübadiləsi, eləcə də Azərbaycandan gəlmiş mütəxəssislərin inteqrasiyasının sağlam şəkildə həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Orxan İsayev AMD-nin illik konfransı çərçivəsində verdiyi açıqlamasında bildirib.
Almaniyanın dünyada nüfuzlu tibb mərkəzlərindən biri olduğunu və bu ölkədə ən müasir biliklərin tədris edildiyini qeyd edən prorektor deyib: "Bu biliklərin Azərbaycana gətirilməsində Almaniyada çalışan azərbaycanlı həkimlərin müstəsna rolu var. Ona görə də biz həkim soydaşlarımızın iştirakı ilə keçirilən belə tədbirlərdə yaxından iştirak edirik ki, həm Azərbaycan səhiyyəsi inkişaf etsin, həm də həkimlərimizin ölkəmizlə əlaqələri daha da genişlənsin. Bu isə son nəticədə Azərbaycan səhiyyəsinin yeni mərhələyə qədəm qoymasına mühüm töhfə verir".