Professor Ramazan Cabbarlı: Almaniyadakı həkimlərimiz iki ölkə arasında elmi və tibbi körpü yaradırlar VİDEO
Ayzenax, 25 oktyabr, AZƏRTAC
İyirmi bir ildir Almaniyada həkim kimi fəaliyyət göstərirəm. Bu müddətdə daim universitet klinikalarında çalışmışam. 12 il Essen Universiteti Klinikasında, ondan əvvəl isə 9 il Frayburq Universiteti Klinikasında işləmişəm. Bu dövr ərzində Almaniyada azərbaycanlı həkimlərin sayının kəskin artmasının şahidi olmuşam. Bu gün Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD) 6-cı illik konfransında iştirak etmək də məhz bu baxımdan mənim üçün böyük məmnunluq doğurur.
Bunu AZƏRTAC-a açıqlamasında Almaniyanın Essen Universiteti Klinikası Neyrocərrahiyyə şöbəsinin həkimi, professor Ramazan Cabbarlı bildirib.
O, Almaniyada işləyən azərbaycanlı həkimlərin sayının daha da artacağına inandığını qeyd edib: "Mənim çalışdığım universitet klinikasına demək olar ki, hər ay bir neçə gənc tibb tələbəsi müraciət edir. Onlar Almaniyada təcrübə keçmək, burada tibbi bilik və bacarıqlarını inkişaf etdirmək, gələcəkdə isə rezidentura təhsili almaq istəyirlər. Bu gənclərin bir qismi Almaniyada fəaliyyətini davam etdirir, digərləri isə Azərbaycana qayıdaraq qazandıqları təcrübəni ölkəmizdə tətbiq edirlər. Bütün bunlar Azərbaycan və Almaniya arasında tibbi və elmi əməkdaşlığın inkişafına mühüm töhfə verir. Mən 2005-ci ildə Almaniyaya gələndə burada demək olar ki, cəmi üç-dörd azərbaycanlı həkim tanıyırdım. Bu gün isə vəziyyət tamamilə fərqlidir. Artıq azərbaycanlı tibb işçilərini bir araya gətirən, onların əməkdaşlığını gücləndirən və peşəkar inkişafına dəstək olan üç cəmiyyət fəaliyyət göstərir".
Belə təşkilatların, o cümlədən AMD-nin fəaliyyətini yüksək qiymətləndirən professor əlavə edib: "Onlar Almaniyada artıq müəyyən təcrübə qazanmış həkimlərlə gənc həkim və tələbələr arasında əlaqələrin qurulmasına kömək edir, peşəkar şəbəkənin genişlənməsinə şərait yaradır, elmi konfranslar və digər faydalı tədbirlər təşkil edirlər. Məncə, bu fəaliyyətin ən mühüm tərəflərindən biri Almaniyada yaşayan və çalışan azərbaycanlı tibb mütəxəssisləri ilə Azərbaycan arasında möhkəm elmi və peşəkar körpünün yaradılmasıdır. Bu əlaqələr həm gənclərin gələcək karyerası, həm də hər iki ölkənin səhiyyəsi və elmi əməkdaşlığı baxımından böyük əhəmiyyət daşıyır".