Kanaki və Maʻohi Nui nümayəndə heyəti gənc futbolçuları dəstəkləmək üçün Bakıdadır VİDEO
Bakı, 26 oktyabr, AZƏRTAC
Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Kanaki (Yeni Kaledoniya) və Maʻohi Nui (Fransız Polineziyası - Tahiti) ərazilərindən Azərbaycana səfər edən ictimai-siyasi fəallardan ibarət nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə oktyabrın 22-dən 30-dək Bakıda keçirilən FIFA U-15 Dünya Kuboku və Festivalında iştirak edən Kanaki və Maʻohi Nui komandalarına azarkeşlik etmək, gənc futbolçuların beynəlxalq yarışda öz xalqını təmsil etməsinə mənəvi dəstək vermək məqsədilə ölkəmizə gəlib.
Görüşdə Kanaki və Maʻohi Nui xalqlarının müstəqillik uğrunda apardıqları mübarizədən danışılıb, milli kimliyin və mədəni irsin qorunmasının vacibliyi, eləcə də əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qonaqlar Bakı Təşəbbüs Qrupunun Kanaki və Maʻohi Nui xalqlarının müstəqillik uğrunda mübarizəsinin beynəlxalq ictimaiyyətə çatdırılması, dekolonizasiya məsələlərinin beynəlxalq gündəlikdə saxlanılması və müxtəlif ərazilərin müstəqillik hərəkatları arasında əlaqələrin inkişafı istiqamətində fəaliyyətini yüksək qiymətləndiriblər. Azərbaycanın bu istiqamətdə göstərdiyi dəstəyə və beynəlxalq platformalarda yaradılan imkanlara görə minnətdarlıqlarını ifadə ediblər.
Abbas Abbasov, öz növbəsində, hər iki komandanın gənc futbolçularına uğurlar arzulayıb, idmanın xalqlar arasında dostluq və həmrəyliyi möhkəmləndirməklə yanaşı, onların milli kimliyinin və zəngin mədəniyyətinin tanıdılmasına xidmət etdiyini vurğulayıb. O, BTQ-nin müstəmləkəçilikdən əziyyət çəkən xalqların fundamental hüquqlarının, o cümlədən öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq səviyyədə müdafiəsinə dəstəyini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, oktyabrın 25-də hər iki komandanın gənc futbolçularına dəstək məqsədilə Bakıda Atletlər Kəndinin qarşısında və Hövsan Yarış Kompleksində dəstək aksiyaları keçirilib. Azarkeşlər milli mahnı və rəqslərlə öz xalqlarının mədəniyyətini və ənənələrini də nümayiş etdiriblər.