Fransız Polineziyası nümayəndəsi: Azərbaycanın dəstəyi ilə artıq tanınmağa başlamışıq VİDEO
Bakı, 26 oktyabr, AZƏRTAC
FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edən komandalarımıza dəstək üçün Bakıda olmaqdan çox məmnunuq. Bakı Təşəbbüs Qrupuna burada olmağımıza şərait yaratdığı üçün dərin təşəkkürümüzü bildiririk. Bu, bizim üçün böyük şərəfdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Kanaki (Yeni Kaledoniya) və Maʻohi Nui (Fransız Polineziyası - Tahiti) ərazilərindən Azərbaycana səfər edən ictimai-siyasi fəallardan ibarət nümayəndə heyətinin üzvü Tauhanichrystal Lesca deyib.
O qeyd edib ki, Azərbaycan həqiqətən möhtəşəm və heyrətamizdir. “Gənc futbolçularımızın burada iştirak etməsi ilə fəxr edirik. Onların beynəlxalq səviyyədə təmsil olunması bizim üçün böyük qürur mənbəyidir. Çünki bizim qarşılaşdığımız ən böyük çətinliklərdən biri məhz beynəlxalq səviyyədə tanınmaqdır. Lakin Azərbaycanın dəstəyi sayəsində artıq müəyyən dərəcədə tanınmağa başlamışıq”, - deyə nümayəndə bildirib.