Mədəniyyət nazirinin müavini: Gənclər və tələbələr üçün yeni təşəbbüslərimiz və proqramlarımız çoxdur VİDEO
Bakı, 26 oktyabr, AZƏRTAC
Gənclər və tələbələr üçün yeni təşəbbüslərimiz və proqramlarımız çoxdur. Bu il proqramımıza gənclərlə bağlı istiqaməti də əlavə etmişik. Bütün beynəlxalq tərəfdaşlarımızın gənclər proqramı ilə bağlı müəyyən tədbirləri var.
AZƏRTAC xəbər verir ki, bu fikirləri mədəniyyət nazirinin müavini Fərid Cəfərov Bakıda oktyabrın 27–29-da keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında bildirib.
Fərid Cəfərov deyib: “Eyni zamanda, forumun rəsmi proqramında demək olar ki, bütün beynəlxalq tərəfdaşlarımızın gənclər panelləri nəzərdə tutulub. Gələcəkdə bu proqramları birləşdirməyi, onlar arasında əlaqələr yaratmağı, eyni zamanda, proqramları genişləndirərək daha da zənginləşdirməyi planlaşdırırıq. Məqsədimiz dünyanın müxtəlif bölgələrindən olan daha çox gəncə çatmaqdır”.