Bakıda yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb VİDEO
Bakı, 26 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən “El Pizza” restoranında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkarlanıb.
Bildirildiyinə görə, yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən restoranın mətbəxində yanğın təhlükəsizliyi tələblərinə zidd olaraq təbii qaz təsərrüfatından istifadə edilir. Obyektdə standarta uyğun olmayan odun sobalarından istifadə olunur. Həmçinin obyektdə mövcud olan odsöndürən balonlar döşəmə səviyyəsindən 1,5 metr hündürlükdə yerləşdirilməyib. Eyni zamanda, yanğın zamanı insanların təxliyə edilməsi üçün köçürmə planı tərtib olunmayıb. Obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib. Bundan əlavə, obyektin daşınmaz əmlakının icbari sığorta şəhadətnaməsi təqdim olunmayıb.
“Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar olunmuş “El Pizza” restoranının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”, - deyə məlumatda vurğulanıb.