Fariz Cəfərov: Rəqəmsal iqtisadiyyatın inkişafı üçün insan kapitalına investisiya artırılmalıdır VİDEO
Bakı, 26 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyev tərəfindən rəqəmsal transformasiyanın sürətləndirilməsi məqsədilə Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuraya Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəhbərlik edir və burada müxtəlif dövlət qurumları təmsil olunur. Bu istiqamətdə rəqəmsal infrastrukturun inkişafı, süni intellekt texnologiyalarının tətbiqi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və insan kapitalının gücləndirilməsi ilə bağlı 75-dən çox tədbir müəyyən edilib. Bu addımlar dövlət qurumları arasında əməkdaşlığı, özəl sektorun cəlb olunmasını, infrastrukturun inkişafını, eyni zamanda, süni intellektin inkişafını, rəqəmsal sahənin sürətləndirilməsini və xüsusilə insan kapitalının inkişafı ilə bağlı tədbirləri və hədəfləri əhatə edir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov deyib.
Fariz Cəfərov bildirib ki, Azərbaycanın Rəqəmsal İqtisadiyyat Strategiyasında kadrların bilik və bacarıqlarının artırılması əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Dövlət qurumlarının əməkdaşlarının, sahibkarların və sənaye müəssisələrində çalışanların rəqəmsal savadlılığının artırılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
O qeyd edib ki, “Coursera”, “LinkedIn” və “OpenAI” kimi beynəlxalq şirkətlərlə əməkdaşlıq, data elmi, analitika və proqramlaşdırma sahələrində təhsil imkanlarının genişləndirilməsi yeni bacarıqlara yiyələnmək üçün əlavə imkanlar yaradır.
4SİM-in icraçı direktoru vurğulayıb ki, əmək bazarının ehtiyacları mütəmadi təhlil edilməli, həmin ehtiyaclara uyğun təlim proqramları və intensiv tədris kursları hazırlanmalıdır. Beynəlxalq şirkətlərin iştirakı ilə həyata keçirilən proqramlar və həyatboyu öyrənmə konsepsiyası bu prosesin mühüm elementləridir.