Dünyanın aparıcı texnologiya şirkətində çalışan azərbaycanlı: Süni intellekt bir çox işləri əvəz edəcək VİDEO
London, 26 oktyabr, AZƏRTAC
Azərbaycanın Ağdaş rayonundan dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan “Meta”ya uzanan karyera yolu keçən azərbaycanlı mütəxəssis Aqşin Nəbiyev artıq altı ildir Londonda çalışır. Hazırda o, “Meta”nın əsas sistemlər və infrastrukturun idarə olunması bölməsində baş proqram mühəndisi vəzifəsini icra edir. Həmyerlimiz şirkətə məxsus məlumat mərkəzlərinin (data center) avtomatlaşdırılması ilə məşğuldur.
Ağdaşda böyüyən, Bakıda təhsil alan və peşəkar fəaliyyətə başlayan Aqşin Nəbiyev Azərbaycanda 10 il İT sahəsində çalışdıqdan sonra karyerasını Polşa və Niderlandda davam etdirib. Amsterdamda işlədiyi dövrdə “Meta”dan müsahibəyə dəvət alan həmyerlimiz daha sonra Londona köçərək, dünyanın ən böyük texnologiya şirkətlərindən birində fəaliyyətə başlayıb.
O, AZƏRTAC-a müsahibəsində “Meta”da iş mühiti, dünyanın aparıcı texnologiya şirkətlərindəki rəqabət, işə qəbul prosesi, süni intellektin əmək bazarına təsiri və gələcək karyera planlarından danışıb. Həmçinin beynəlxalq texnologiya şirkətlərində çalışmaq istəyən azərbaycanlı gənclərə tövsiyələrini bölüşüb.
– Aqşin bəy, əvvəlcə özünüz və “Meta” şirkətinə qədər keçdiyiniz karyera yolu haqqında məlumat verərdiniz.
– Mən altı ildir Londonda yaşayıram. Londona köçməyim “Meta” şirkəti ilə əlaqədardır. Artıq altı ildir burada çalışıram. Azərbaycanda 10 il ölkənin ən böyük İT şirkətlərindən biri olan RİSK-də işləmişəm. Daha sonra Polşaya köçdüm və orada bir il yaşadım. Ardınca Niderlandın Amsterdam şəhərinə köçdüm. Orada ilyarım işlədikdən sonra “Meta” məni müsahibəyə dəvət etdi. Bundan sonra Londona köçdüm.
– Hazırda “Meta”da hansı vəzifədə çalışırsınız və işiniz nədən ibarətdir?
– “Meta”da məlumat mərkəzlərinin idarəolunması departamentində işləyirəm. Bildiyiniz kimi, şirkətin instaqram, vatsap və feysbuk kimi məhsulları var. Eyni zamanda, bizim fiziki məlumat mərkəzlərimiz mövcuddur. Real məlumatların saxlanılması və emalı həmin mərkəzlərdə həyata keçirilir. Biz məhsullarla fiziki infrastruktur arasında əlaqələndirici rol oynayırıq. Məhsulların fəaliyyət göstərməsi üçün lazım olan məlumatların təmin olunmasına kömək edirik.
– “Meta”da iş gününüz necə keçir? İş saatları və iş mühiti haqqında nə deyə bilərsiniz?
– Adətən işə saat 10:00-11:00 radələrində gəlirik. İlk növbədə mesajları və elektron məktubları yoxlayırıq, sistemdə hər hansı insidentin olub-olmadığına baxırıq. Əgər sistemdə problem yoxdursa, komanda yoldaşlarımızın yazdığı kodları nəzərdən keçiririk, onlara rəy bildiririk. Başqa mühəndislərin yazdığı kodları yoxlayır, qarşılaşdıqları çətinlikləri aradan qaldırmaqda kömək edirik. Daha sonra bir-iki saat özümüz kod yazırıq. Günün ikinci yarısı daha çox iclaslarla keçir. Həm cari prosesləri müzakirə edir, həm də gələcək layihələri planlaşdırırıq. Çox vaxt axşam saat 18:00 radələrində yemək yeyirik və saat 19:00-a qədər evə gedirik. “Meta”da iş saatları kifayət qədər rahatdır. İşə nə vaxt gəlib-getməyin əsasən özündən asılıdır. Əsas məsələ iclaslarda iştirak etməkdir. Bunu ofisdən və ya evdən işləyərək edə bilərsən.
– Dünyanın ən böyük texnologiya şirkətlərindən birində işləmək çətindirmi? İşçilər arasında rəqabət güclüdürmü?
– “Meta”da işləmək çətindir. Buraya çox iddialı insanlar gəlirlər və onlar çox işləyirlər. Burada sənin nəticələrin ayrıca deyil, komanda yoldaşlarının göstəriciləri ilə müqayisədə qiymətləndirilir. Əgər bütün komanda yoldaşların səndən daha yaxşı nəticə göstərirsə, nə qədər çox işləməyindən asılı olmayaraq, sənin göstəricilərin o qədər də yaxşı hesab olunmayacaq. Ona görə də burada rəqabət çox güclüdür. Həmişə hamıdan yaxşı olmağa çalışmalısan. Mən “Meta”ya gəlməzdən əvvəl 12 il işləmişdim. Amma buraya gələndən sonra başa düşdüm ki, sanki indiyə qədər heç işləməmişəm. Burada, sadəcə, yaxşı olmaq kifayət etmir. Sən çox yaxşı ola bilərsən, amma komanda yoldaşlarının hamısı səndən daha yaxşıdırsa, yenə də ən aşağı pillədə qala bilərsən. Komandadakı əməkdaşların nəticələri xüsusi göstəricilər əsasında müqayisə olunur. Ən aşağı nəticə göstərən 10-15 faiz əməkdaş işdən çıxarıla və onların yerinə daha istedadlı insanlar gətirilə bilər.
– “Meta”ya işə qəbul prosesi necə keçir? Namizədlər neçə mərhələdən keçməlidirlər?
– İşə qəbul müsahibəsi müraciət etdiyiniz vəzifədən asılı olaraq, çox vaxt altı-yeddi mərhələdən ibarət olur.

– Bəs, “Meta” kimi şirkətlərdə işə qəbul zamanı namizədin hansı universiteti bitirməsi nə dərəcədə əhəmiyyətlidir?
– Burada iki fərqli vəziyyət var. Əgər universiteti yeni bitirmisinizsə və iş təcrübəniz yoxdursa, təhsil aldığınız universitet böyük rol oynayır. “Meta” yaxşı universitetlərdə müsahibələr təşkil edir və ən istedadlı namizədləri şirkətə cəlb etməyə çalışır. Amma artıq iş təcrübəniz varsa, müxtəlif şirkətlərdə çalışmısınızsa, hansı universiteti bitirməyinizin işə qəbul olunmağınıza və şirkətdə qalmağınıza təsiri yoxdur. Burada işə düzəldikdən sonra heç kim sizdən hansı universiteti və ya məktəbi bitirdiyinizi soruşmur. Əsas məsələ hansı nəticəni ortaya qoya bilməyinizdir.
– “Meta”da işə başlayanda sizi ən çox təəccübləndirən nə oldu?
– Məni ən çox təəccübləndirən məqamlardan biri şirkətdə qərarların qəbul olunması üsulu idi. Bir çox şirkətdə qərarlar yuxarı rəhbərlik tərəfindən verilir və aşağı pillələrə ötürülür. “Meta”da isə bunun əksidir. Burada qərarları əsasən mühəndislər verirlər. Şirkət mühəndislər üzərində qurulub. Bu, mənim üçün maraqlı məqamlardan biri idi.
– Süni intellekt sizin gündəlik işinizi asanlaşdırıb, yoxsa iş yükünüzü artırıb?
– Bəzi hallarda işimizi yüngülləşdirib, bəzi hallarda isə iş yükümüzü xeyli artırıb. Əvvəllər səndən oturub kod yazmağın gözlənilirdi. İndi isə kod yazmağı daha çox süni intellektə həvalə edirsən. Bunun nəticəsində səndən daha yüksəkməhsuldarlıq və daha çox faydalı iş gözlənilir.
– Sizcə, süni intellekt gələcəkdə proqramçıları və digər texnologiya mütəxəssislərini əvəz edə bilərmi?
– Mənim şəxsi fikrim budur ki, süni intellekt bizə olan tələbatı azaldacaq. Xüsusilə yalnız kod yazmaqla məşğul olan insanlar üçün vəziyyət çətinləşə bilər. Amma “Meta”, “Google” kimi böyük şirkətlərdə işin çox az hissəsini, təxminən 10-15 faizini kod yazmaq təşkil edir. İşin əsas hissəsi qərar verməkdən, problemi başa düşməkdən, hansı problemin üzərində işləməyin vacib olduğunu müəyyənləşdirməkdən və seçdiyin həll yolunu başqa insanlarla razılaşdırmaqdan ibarətdir. Bu, kifayət qədər mürəkkəb və insanların geniş iştirakını tələb edən prosesdir. Mən hələlik süni intellektin bunu necə həyata keçirə biləcəyini görmürəm.
– Bəs, hansı peşələrin süni intellekt tərəfindən əvəz olunacağını düşünürsünüz?
– Çox güman ki, süni intellekt bir çox işləri əvəz edəcək. Xüsusilə ciddi düşünmə və qərarvermə qabiliyyəti tələb etməyən işlər. Amma məntiqi düşünmə, qərarvermə və yaradıcılıq tələb edən işlər qalacaq.
– “OpenAI” və “Anthropic” kimi süni intellekt şirkətlərinin bu texnologiyanın gələcəyi ilə bağlı açıqlamalarını necə qiymətləndirirsiniz?
– “OpenAI” və “Anthropic” süni intellekt şirkətləridir və bu sahəyə kifayət qədər böyük vəsait xərcləməlidirlər. Onlar investorları yenidən maliyyə ayırmağa inandırmalıdırlar. Bu şirkətlərin illik xərcləri 50-100 milyard dollara qədər çıxa bilər. Bu vəsait istifadəçilərdən deyil, investorlardan gəlir. Ona görə də investorları süni intellektin gələcəkdə dünyanı və insanların fəaliyyətini dəyişdirəcəyinə inandırmalıdırlar.
Fikrimcə, çox sayda iş yeri əvəz olunacaq, amma düşünmə, məntiq və yaradıcılıq tələb edən fəaliyyət sahələrində insanlara ehtiyac qalacaq.

- Gələcəkdə öz startapınızı yaratmaq barədə düşünürsünüzmü?
– Hələlik startap yaratmaq barədə düşünmürəm. Səbəb odur ki, startap kifayət qədər çox enerji tələb edir və riskləri böyükdür. Düşünürəm ki, 20 yaşlarında, karyeranın əvvəlində startap yaratmaq çox yaxşı seçimdir. Çünki həmin dövrdə daha enerjili olursan və iki-üç dəfə uğursuzluqla qarşılaşsan belə, yenidən cəhd etmək imkanın olur. Yaş artdıqca insanın məsuliyyətləri də çoxalır və vaxtını başqa şeylərə də sərf etmək istəyir. Ona görə də hələlik startap qurmaq planım yoxdur.
– Azərbaycandan dünyanın aparıcı texnologiya şirkətlərindən birinə qədər uzanan karyera yolunuzda hansı çətinliklərlə qarşılaşmısınız?
– Əvvəllər düşünürdüm ki, böyük texnologiya şirkətlərində yalnız qeyri-adi insanlar işləyə bilərlər. Azərbaycanda belə bir təsəvvür var idi ki, xaricə getmək və ya böyük şirkətlərdə çalışmaq üçün müəyyən meyarlara cavab verməlisən. Ya çox ağıllı olmalısan, ya da dünyanın ən yaxşı universitetlərində təhsil almalısan. Yəni səndə qeyri-adi bir xüsusiyyət olmalıdır. Mən Ağdaşda böyümüşəm, Bakıda oxumuşam və işləmişəm. Heç vaxt düşünməzdim ki, Azərbaycandan kənarda yaşaya bilərəm. Bizim dövrümüzdə belə bir seçim yox idi. Amma böyük şirkətlərdən birində işləməyə başlayanda başa düşürsən ki, burada çalışan insanlar düşündüyün qədər qeyri-adi deyillər. Mən öz nümunəmdən çıxış edərək deyə bilərəm ki, əgər bunu bacarmışamsa, deməli, Azərbaycanda kifayət qədər insan da bacara bilər. Əsas məsələ bunun mümkün olduğunu başa düşməkdir.
– Sizin böyük beynəlxalq texnologiya şirkətlərində işləməyin mümkün olduğuna inanmağınıza nə təsir etdi?
– Bizim bir iş yoldaşımız var idi. O, aramızdan ilk dəfə Almaniyaya, “Amazon” şirkətində işləməyə gedəndə başa düşdük ki, bu, mümkündür. Bundan sonra ətrafımızdakı insanlardan biri “Google”a, digəri “Facebook”a işə qəbul olundu. Yəni bir nəfər göstərdi ki, bu, mümkündür və digərləri də onun yolu ilə getdilər. Fikrimcə, bu, çox vacibdir. İnsan əvvəlcə qarşısına qoyduğu məqsədə çatmağın mümkün olduğuna inanmalıdır.
– Azərbaycanda yaşayan və “Meta”, “Google” kimi şirkətlərdə işləmək istəyən gənclərə nə tövsiyə edərdiniz?
– Mənim əsas məsləhətim odur ki, ilk növbədə, getmək istədikləri ölkənin və işləmək istədikləri şirkətin onlardan nə tələb etdiyini başa düşsünlər. Məsələn, mən Azərbaycanda olanda düşünürdüm ki, “Meta”da işləmək mümkünsüzdür. Çünki böyük bir universitetdə oxumamışdım, heç vaxt xaricdə olmamışdım. Fikirləşirdim ki, burada yalnız ən ağıllı insanlar işləyə bilərlər. Amma əslində, bu tip şirkətlərin müəyyən işə qəbul və müsahibə prosesləri var. İnternetdə həmin müsahibələrə necə hazırlaşmaq, hansı sualların verildiyi və namizədlərdən nələrin tələb olunduğu barədə kifayət qədər məlumat mövcuddur. Gənclərə məsləhətim odur ki, bu məlumatları araşdırsınlar, şirkətlərin tələblərini öyrənsinlər və özlərini həmin istiqamətdə inkişaf etdirsinlər.
– Sizcə, azərbaycanlı gənclərin beynəlxalq texnologiya şirkətlərində uğur qazanması üçün ən vacib amil nədir?
– Hesab edirəm ki, Azərbaycanda tələbələr və universiteti bitirib işləyən gənclər böyük xəyallar qurmalıdırlar. Əsas məsələ çalışmaqdır. Hər şey mümkündür. Öz üzərində işləsən, özünü inkişaf etdirsən, istədiyin yerdə ola bilərsən. Əgər mən Ağdaşda böyüyüb, Bakıda oxuyub və işləyib “Meta”ya qədər gələ bilmişəmsə, düşünürəm ki, Azərbaycanda başqa insanlar da bunu bacara bilərlər.