Azərbaycan–Niderland münasibətlərinin inkişafında iqtisadi və nəqliyyat-logistika infrastrukturu xüsusi yer tutur - ŞƏRH VİDEO
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycanın Avropa dövlətləri ilə siyasi dialoqunun inkişafı, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional sülh gündəliyinin beynəlxalq müstəvidə müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.
O bildirib ki, Prezident İlham Əliyevin Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə oktyabrın 26-da Bakıda keçirdiyi görüşdə səsləndirilən fikirlər və müzakirə olunan məsələlər Azərbaycan–Niderland münasibətlərinin yeni imkanlar mərhələsinə daxil olduğunu göstərir.

“Bu təmasları ötən il Kopenhagendə Prezident İlham Əliyevlə Niderlandın sabiq Baş naziri Dik Sxof arasında keçirilmiş görüşün davamı kimi qiymətləndirmək olar. Həmin müzakirələrdə ikitərəfli əməkdaşlığın perspektivləri, regional sülh prosesi və iqtisadi əlaqələr diqqət mərkəzində olmuşdu. Bakıda keçirilən görüş isə siyasi dialoqun davamlılığını və tərəflərin mövcud əməkdaşlıq potensialından daha səmərəli istifadə etmək niyyətini nümayiş etdirir. Bu dinamikanın əhəmiyyəti ondan ibarətdir ki, dövlətlərarası münasibətlər diplomatik təmaslarla məhdudlaşmır, ticarət, investisiya, nəqliyyat və kənd təsərrüfatı kimi konkret sahələrdə yeni əməkdaşlıq imkanları yaradır”, - deyə politoloq qeyd edib.
Cənubi Qafqazda davamlı sülh Avropanın təhlükəsizlik və sabitlik maraqları ilə sıx bağlıdır
T.İsmayılov bildirib ki, görüşün diqqət çəkən məqamlarından biri Niderlandın xarici işlər nazirinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında Prezident İlham Əliyevin şəxsi rolunu yüksək qiymətləndirməsidir. Bu fikirlər regional proseslərin Avropa siyasi dairələrində necə dəyərləndirildiyini anlamaq baxımından mühüm əhəmiyyət kəsb edir. Aydındır ki, Cənubi Qafqazda davamlı sülhün təmin olunması Avropanın təhlükəsizlik və sabitlik maraqları ilə sıx bağlıdır.

“Azərbaycanın regional siyasətinin əsas istiqamətlərindən biri münaqişədənsonrakı reallıqların beynəlxalq hüququn prinsipləri əsasında möhkəmləndirilməsi və regionun qarşıdurma məkanından əməkdaşlıq platformasına çevrilməsidir. Ölkəmiz sülh gündəliyini dövlət suverenliyinə və ərazi bütövlüyünə hörmət, regional kommunikasiyaların açılması və iqtisadi əlaqələrin genişləndirilməsi kimi fundamental prinsiplərlə əlaqələndirir. Bu yanaşma Cənubi Qafqazda sabitliyin təmin olunmasını siyasi bəyanat səviyyəsindən çıxararaq, uzunmüddətli inkişafın mühüm şərti kimi nəzərdən keçirməyə imkan verir. Prezident İlham Əliyevin regional proseslərdəki rolu Azərbaycanın müstəqil xarici siyasət kursu, milli maraqlarını ardıcıl müdafiə etmək bacarığı və sülh gündəliyinin irəli aparılması ilə əlaqəlidir. Azərbaycanın mövqeyinin beynəlxalq müzakirələrdə nəzərə alınması ölkəmizin regionda baş verən proseslərin mühüm iştirakçısı olduğunu təsdiqləyir”, - deyə T.İsmayılov vurğulayıb.

Azərbaycanın güclənən etibarlı tərəfdaş mövqeyi
Politoloqun sözlərinə görə, Niderland xarici işlər nazirinin Yaxın Şərqdə baş verən hadisələr zamanı ölkəsinin vətəndaşlarının, o cümlədən Tehrandakı səfirinin və diplomatik nümayəndəliyin əməkdaşlarının Azərbaycan ərazisi vasitəsilə təhlükəsiz təxliyəsinə göstərilən yardıma görə təşəkkür etməsi xüsusi qeyd olunmalıdır. Bu fakt Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini və mürəkkəb regional vəziyyətlərdə praktiki əməkdaşlığa verdiyi töhfəni nümayiş etdirir. Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat infrastrukturu və müxtəlif istiqamətlər üzrə beynəlxalq əlaqələri ölkəmizə regionlar arasında mühüm bağlantı rolunu oynamaq imkanı verir.
“Görüş zamanı tərəflərin qarşılıqlı səfərlərin, o cümlədən biznes nümayəndə heyətlərinin təmaslarının təşkilinə diqqət yetirməsi iqtisadi münasibətlərin daha praktik məzmun qazanması baxımından əhəmiyyətlidir. Niderlandın kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması, müasir istehsal texnologiyaları və logistika sahələrindəki təcrübəsi Azərbaycan üçün faydalı əməkdaşlıq istiqamətləri yaradır.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Azərbaycanın nəqliyyat-logistika infrastrukturu isə bu əməkdaşlığın digər strateji istiqamətidir. Orta Dəhliz çərçivəsində Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında bağlantı imkanları ölkəmizin beynəlxalq ticarətdəki rolunu artırır. Niderlandın logistika və liman idarəçiliyi sahəsindəki təcrübəsi ilə Azərbaycanın tranzit potensialının uzlaşdırılması qarşılıqlı faydalı nəticələr verə bilər.
Azərbaycan–Niderland münasibətlərinə Avropa İttifaqı ilə əməkdaşlığın daha geniş kontekstində yanaşmaq da vacibdir. Niderland ittifaqın qurucu üzvlərindən biridir və Avropanın iqtisadi-siyasi sistemində mühüm yer tutur. Bu ölkə ilə münasibətlərin inkişafı Azərbaycanla Avropa İttifaqının üzv dövlətləri arasında qarşılıqlı maraqlara əsaslanan dialoqun genişlənməsi üçün əlavə imkanlar yaradır”, - deyə politoloq vurğulayıb.

Azərbaycanın Avropa üçün əhəmiyyəti
T.İsmayılov qeyd edib ki, Azərbaycan–Avropa İttifaqı əlaqələri enerji əməkdaşlığı ilə yanaşı, nəqliyyat, rəqəmsal bağlantılar, yaşıl enerji, investisiya, sənaye və regional təhlükəsizlik kimi sahələri də əhatə edir. Avropa üçün etibarlı enerji təchizatı və alternativ nəqliyyat marşrutlarının inkişafı əhəmiyyət daşıdığı kimi, Azərbaycan üçün də qabaqcıl texnologiyalara, investisiyalara və geniş bazarlara çıxış mühüm iqtisadi prioritetlərdəndir. Bu maraqların uzlaşdırılması tərəfdaşlığın daha geniş və dayanıqlı əsaslar üzərində inkişafına şərait yaradır.
“Bir sözlə, Azərbaycanın Avropa üçün əhəmiyyəti onun enerji resursları ilə məhdudlaşmır. Ölkəmizin coğrafi mövqeyi, nəqliyyat infrastrukturu, regional diplomatik imkanları və Şərqlə Qərb arasında əlaqələrin inkişafına verdiyi töhfə daha geniş strateji mənzərə formalaşdırır. Orta Dəhlizin inkişafı, liman infrastrukturunun təkmilləşdirilməsi və regional kommunikasiyaların açılması Avropa ilə Asiya arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün mühüm imkanlar yaradır”, - deyə o əlavə edib.