Şərurda 14 min tonluq 32 soyuducu anbar tam dolub – itkisiz tədarük VİDEO
Naxçıvan, 27 oktyabr, AZƏRTAC
Payızda torpaqdan toplanan bol məhsul aylarla çəkilən zəhmətin bəhrəsidir. Lakin əsl sınaq bu neməti itkisiz qorumaq, ilboyu keyfiyyətli saxlayaraq istehlakçıya çatdırmaqdır. Məhz bu mərhələdə müasir soyuducu anbarlar kənd təsərrüfatı zəncirinin ən mühüm halqasına çevrilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şərur rayonunun bağ və tarlalarında bu günlərdə canlanma hökm sürür. Yığılan meyvələr, sahələrdən toplanan kartof və digər tərəvəzlər birbaşa rayon ərazisində fəaliyyət göstərən soyuducu anbarlara daşınır. Bu infrastruktur mövsümi bolluğun davamlı ərzaq təminatına çevrilməsinə etibarlı zəmin yaradır.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda da məhsul itkisinin azaldılması və müasir saxlama infrastrukturunun genişləndirilməsi prioritet istiqamət kimi müəyyən edilib.
Şərur Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Əli Babayev mövcud vəziyyətlə bağlı bildirir ki, muxtar respublikanın əsas aqrar mərkəzlərindən olan rayonda məhsulun saxlanması üçün zəruri şərait tam formalaşıb:
“Rayonun 17 kəndində fəaliyyət göstərən 32 soyuducu anbarın ümumi tutumu 14 min tondur. Hazırda bu müəssisələr demək olar ki, tam doludur. Əsas hədəfimiz daxili bazarları ilin bütün fəsillərində yerli və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir. Məhsulun optimal şəraitdə saxlanılması onun xarab olmasının qarşısını alır, istehsalçıya isə tələbata uyğun olaraq məhsulunu sərfəli qiymətə bazara çıxarmaq imkanı verir”.

Şərurda bu imkanlardan səmərəli bəhrələnən təsərrüfat sahiblərindən biri də Düdəngə kənd sakini Əfrasiyab Qasımzadədir. Uzun illər fərqli sahələrdə çalışdıqdan sonra təqaüdə çıxan Əfrasiyab Qasımzadə torpağa bağlanaraq ailə təsərrüfatı yaradıb. Kartofçuluq və meyvəçiliklə məşğul olan zəhmətkeş məhsulunun keyfiyyətini qorumaq üçün şəxsi soyuducu anbarını da istifadəyə verib:
“Artıq səkkiz ildir ki, 300 tonluq soyuducu anbarımız fəaliyyət göstərir. Bu işə başlayanda dövlətin təqdim etdiyi dəstək mexanizmlərindən də yararlandıq. Bu il kartof və meyvə bağlarımızda məhsuldarlıq yüksəkdir. Topladığımız məhsulun bir hissəsini anbara yığırıq, bu da məhsulun təravətini uzun müddət saxlamağa imkan verir. Əgər məhsulu düzgün saxlamasan, çəkdiyin zəhmətin dəyəri qalmır. Anbar fermerin güvən yeridir”.

İstehsal imkanlarını ildən-ilə genişləndirən fermer cari ildə istixana təsərrüfatı da yaradaraq pomidor və xiyar yetişdirilməsinə başlayıb. O, qış aylarında da tərəvəz istehsalını fasiləsiz davam etdirərək əhalinin tələbatını ödəməyi hədəfləyir.
Şərurda fəaliyyət göstərən 32 soyuducu anbarın timsalında aydın görünür ki, aqrar sahədə uğur yalnız məhsul yığımı ilə tamamlanmır. Fermer təşəbbüsləri, müasir saxlama şəraiti və dövlət dəstəyinin vəhdəti yerli istehsalın iqtisadi səmərəsini artırır.
Müxbir- Nail Əsgərov