Rəşad Əzizov: Mədəniyyətlərarası Dialoq Forumunun missiyası əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
Müasir dünya geosiyasi gərginliklər, sosial-iqtisadi bərabərsizliklər, mədəni anlaşılmazlıqlar və süni intellekt kimi dördüncü sənaye inqilabı texnologiyalarının sürətli inkişafı ilə yanaşı, qlobal fikir ayrılıqlarının dərinləşməsi ilə də xarakterizə olunur. Belə bir şəraitdə “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun missiyası əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kino Agentliyinin direktoru Rəşad Əzizov “Sahibkarlar parçalanmış dünyanın qiymətləndirilməyən diplomatları kimi” mövzusundakı biznes dialoqunda deyib.
O bildirib ki, builki forum özündən əvvəlki forumların zəngin irsinə əsaslanaraq, ortaq dəyərlər və dinlərarası anlaşmaya yönəlmiş müzakirələrdən qlobal parçalanma problemlərinin həllinə doğru inkişaf edəcək: “Forumun əsas məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, anlaşma, əməkdaşlıq və ümumi rifah naminə körpülər quran konkret fəaliyyətlərə təkan verməkdir. Eyni zamanda, mədəniyyətlərarası və dinlərarası harmoniyanın, eləcə də dayanıqlı inkişafın mühüm rolu vurğulanacaq. Forum çərçivəsində mədəni irs, miqrasiya, süni intellekt, iqlim dəyişiklikləri, sülh və qlobal təhlükəsizlik də daxil olmaqla geniş spektrli mövzular əhatə olunacaq.
Sahibkarlığın, sahibkarların, yaradıcı səslərin və innovatorların beynəlxalq əlaqələrin qurulmasında rolu da getdikcə artır. Müxtəlif ölkələrdən olan insanları birgə layihələr, biznes tərəfdaşlıqları və ortaq məqsədlər ətrafında birləşdirən sahibkarlar, əslində, özünəməxsus diplomatiya xətti həyata keçirirlər”.
R.Əzizov vurğulayıb ki, sahibkarlar yalnız məhsul və ya xidmət yaratmır, eyni zamanda, yeni əlaqələr qurur, fərqli mədəniyyətlər arasında körpülər yaradır və əməkdaşlığın iqtisadi baxımdan faydalı olduğunu nümayiş etdirirlər: “Azərbaycan bu baxımdan zəngin potensiala malikdir. Ölkəmiz əsrlər boyu müxtəlif mədəniyyətlərin, ticarət yollarının və mədəniyyətlərin qovuşduğu məkan olub. Tarixi İpək Yolu üzərində yerləşən Bakı müxtəlif xalqlardan olan tacirlərin, səyyahların və sənətkarların görüşdüyü, fikir və təcrübə mübadiləsi apardığı şəhərlərdən biri kimi formalaşıb.
Azərbaycan mədəniyyəti və yaradıcılığı da dayanıqlı inkişafın mühüm hərəkətverici qüvvəsi kimi qiymətləndirilir. Bu istiqamətdə son dövrlərdə mühüm qanunvericilik və strateji addımlar atılıb”.
O əlavə edib ki, Azərbaycan təhsil, insan kapitalı və yaradıcı infrastrukturun inkişafına xüsusi önəm verir.
Videooperator - Ələkbər Baxşiyev