Hindistanlı nümayəndə: Bakı forumu beynəlxalq əməkdaşlıq və innovasiyalar üçün mühüm platformadır VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif ölkələrdən olan insanların bir araya gəlməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması və innovativ ideyaların mübadiləsi baxımından mühüm platformadır.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Hindistandan olan nümayəndə Dineş Kumar Kanakaraj VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində təşkil olunan “Sahibkarlar – parçalanmış dünyanın rolu yetərincə qiymətləndirilməyən diplomatları kimi” mövzusunda müzakirələrdən əvvəl deyib.
O, Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək ölkəmizdə göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirib.
“Artıq üç günə yaxındır ki, Azərbaycandayam. Forumdan əvvəl Qubada təşkil olunan gənclər proqramında iştirak etdim. Burada bizi çox səmimi qarşıladılar. Göstərilən qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edirəm”, – deyə o bildirib.
D.Kanakaraj qeyd edib ki, forum çərçivəsində biznes dialoquna həsr olunan müzakirələr onun üçün xüsusi maraq doğurur. Hindistanda innovasiya və sahibkarlıq sahəsində müxtəlif təşəbbüslərdə iştirak etdiyini bildirən nümayəndə bu istiqamətdə beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb: “Mən Hindistanda innovasiya və sahibkarlıq fəaliyyətləri ilə məşğulam. Məqsədim yeni ideyaları paylaşmaq, Azərbaycandan və dünyanın digər ölkələrindən olan insanlarla əlaqələr qurmaqdır. Bu forum müxtəlif ölkələrin nümayəndələrini vahid platformada birləşdirərək biznes və sahibkarlıq vasitəsilə qlobal problemlərin həlli yollarını müzakirə etməyə imkan yaradır”.
O vurğulayıb ki, bu cür beynəlxalq platformalar innovativ yanaşmaların təşviqinə, sahibkarlıq imkanlarının genişləndirilməsinə və müxtəlif ölkələr arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinə töhfə verir.