Azərbaycan transsərhəd ticarətə, rəqəmsallaşmaya, yaşıl keçidə yönəlmiş təşəbbüsləri dəstəkləyir VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Sahibkarlar parçalanmış dünyanın qiymətləndirilməyən diplomatları kimi” mövzusundakı biznes dialoqunda deyib.
Nazirin müşaviri bildirib ki, bu ilin doqquz ayında qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda payı 70 faizdən çox olub: “Azərbaycanın beynəlxalq investisiya tərəfdaşlığının inkişafına sadiqliyini nümayiş etdirən son nümunələrdən biri ötən ay Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu olub. Etimadın bərpasına və regional bağlantıların gücləndirilməsinə xüsusi diqqət yetirən forum hökumət nümayəndələri, investorlar və biznes liderləri arasında dialoq üçün mühüm platforma rolunu oynayıb. Forum çərçivəsində ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan layihələri əhatə edən 23 əməkdaşlıq və investisiya sənədi imzalanıb.
Növbəti mühüm addım bu razılaşma və sazişlərin konkret layihələrə çevrilməsini təmin etmək, eyni zamanda, yerli biznes subyektlərinin, o cümlədən təchizatçı və xidmət təminatçısı qismində onların icrasında iştirakına imkan yaratmaqdır”.
Hüseyn Hüseynov qeyd edib ki, regional təşkilatlar da biznes icmaları arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynayırlar: “Kiçik və orta sahibkarlıq üzrə işçi qrupları və biznes şuraları biznes nümayəndələri ilə dövlət qurumları arasında dialoq üçün dəyərli platformalar yaradır. Məsələn, Azərbaycan 2026–2028-ci illər üzrə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Kiçik və Orta Sahibkarlıq üzrə İşçi Qrupunda əlaqələndirici ölkə - koordinator kimi çıxış edir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyət göstərən Türk Ticarət və Sənaye Palatası və Türk Biznes Şurası sahibkarlara birbaşa əlaqələr qurmağa və transsərhəd tərəfdaşlıqlar yaratmağa kömək edir. Bu cür mexanizmlər xüsusilə yeni bazarlara daxil olarkən maliyyə və etibarlı tərəfdaşlara çıxış imkanları məhdud olan kiçik və orta sahibkarlıq subyektləri üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan transsərhəd ticarətə, rəqəmsallaşmaya, yaşıl keçidə və beynəlxalq təchizat zəncirlərinə inteqrasiyaya yönəlmiş təşəbbüsləri dəstəkləyir.
Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Vyetnam da daxil olmaqla, bir sıra ölkələrlə ikitərəfli biznes şuraları da yaradılıb. Biznes görüşləri, investisiyaların təşviqi və işgüzar missiyalar vasitəsilə bu şuralar şirkətlərə etibarlı tərəfdaşlar tapmağa, yeni bazarları araşdırmağa və birgə layihələr hazırlamağa kömək edir. Nəticə etibarilə, bu mexanizmlərin səmərəliliyi yalnız keçirilən görüşlərin sayı ilə deyil, onların yaratdığı davamlı tərəfdaşlıqlar və konkret layihələrlə ölçülür".
Müxbirlər - Göyçək Mahmudlu, Vüsalə Səfərova, Mikayıl Məmmədov