Ruandalı nazir: Süni intellekt mədəni irsə çıxış imkanlarını genişləndirmək üçün diqqətəlayiq imkanlar yaradır VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
Süni intellekt diqqətəlayiq imkanlar yaradır. O, mədəniyyətləri birləşdirə, dilləri qoruya və mədəni irsə çıxış imkanlarını genişləndirə bilər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ruanda Respublikasının gənclər və incəsənət naziri Jan Nepo Utumatvişima oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən Beynəlxalq təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasının ikinci hissəsində çıxışı zamanı səsləndirib.
O bildirib ki, Ruanda gənclərin süni intellekt ekosistemində iştirakının artırılması üçün çox böyük səylər göstərir: "İnvestorları və tərəfdaşları süni intellekt sahəsində potensialın artırılmasına, eləcə də xüsusilə mədəniyyət sahəsində bu texnologiyalara çıxış imkanlarının genişləndirilməsinə investisiya yatırmağa çağırırıq. Gəlin, texnologiyanın bizi bir-birimizə daha da yaxınlaşdırmasını, yaradıcılığın yeni imkanlar açmasını və mədəniyyətlərarası dialoqun daha inklüziv, sülhsevər və əlaqəli dünyanın qurulmasına töhfə verməsini təmin edək".