Sudanlı nazir: Zəngin mədəni irsimizin dünyaya tanıdılmasına çalışırıq VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
Sudanın üzləşdiyi çətinliklərə baxmayaraq, ölkənin maddi və qeyri-maddi mədəni irsinin qorunması, mədəni tədbirlərin təşkili və bu istiqamətdə planların hazırlanması üçün məsuliyyətlə çalışırıq. Dərk edirik ki, mədəniyyət milli yaddaşın qorunmasında mühüm rol oynayır. Sudan mədəniyyətinin beynəlxalq proqramlar çərçivəsində tanıdılması və ölkənin zəngin irsinin dünyaya təqdim edilməsi əsas məqsədlərimizdəndir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Sudanın mədəniyyət, informasiya və turizm naziri Khalid İsmail Ahmed Ali oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən Beynəlxalq təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasının ikinci hissəsindəki çıxışında səsləndirib.
O diqqətə çatdırıb ki, texnologiyalar bu sahədə işimizi asanlaşdırmağa və mədəni irsin daha geniş auditoriyaya çatdırılmasına kömək edir. “Bununla yanaşı, yanlış məlumatların yayılmasının və qərəzli mühakimələrin möhkəmlənməsinin qarşısını almaq üçün texnologiyalardan düzgün və məsuliyyətli istifadə etməliyik. İnanırıq ki, bu müzakirələr dünyamızın üzləşdiyi çağırışlara dair konkret və praktiki həll yollarının müəyyənləşdirilməsinə töhfə verəcək”,- deyə Sudanın mədəniyyət, informasiya və turizm naziri əlavə edib.