Natia Şamatava: Mədəniyyət bir-birimizi daha yaxşı anlamağa və beynəlxalq əməkdaşlığı gücləndirməyə imkan yaradan mühüm vasitədir VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun dünyada oynadığı rol böyük əhəmiyyət daşıyır. Mədəniyyət bir-birimizi daha yaxşı anlamağa və beynəlxalq əməkdaşlığı gücləndirməyə imkan yaradan mühüm vasitədir. Onun xalqları birləşdirən və qarşılıqlı anlaşmanı təşviq edən unikal gücü var.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Gürcüstanın mədəniyyət nazirinin müavini Natia Şamatava oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən Beynəlxalq təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasının ikinci hissəsindəki çıxışında səsləndirib.
Nazir müavini qeyd edib ki, müasir dövrün reallıqlarını və texnologiyaların sürətli inkişafını nəzərə alaraq, bu platforma mədəni müxtəlifliyin daha dərindən dərk edilməsi üçün mühüm imkanlar yaradacaq.
“Süni intellektdən istifadə etməklə dil maneələrini aradan qaldırmaq, müxtəlif dillərdə danışan insanlar arasında ünsiyyəti və qarşılıqlı anlaşmanı gücləndirmək mümkündür. Süni intellektin yaratdığı çətinlikləri yeni imkanlara çevirməli, texnologiyalardan mədəniyyətlərarası dialoqun inkişafı naminə istifadə etməliyik. Ümid edirəm ki, dialoqun daha da inkişaf etdirilməsi xalqlarımız arasında əməkdaşlığın davamlılığını və möhkəmlənməsini təmin edəcək”,- deyə Natia Şamatava əlavə edib.