Salyanda ailə üzvlərinə bıçaqla xəsarətlər yetirməkdə və onlardan birini öldürməkdə şübhəli bilinən şəxs tutulub VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Salyan rayonunun Sarvan kənd sakini, 1971-ci il təvəllüdlü Çiçək İsmayılovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Salyan Rayon Prokurorluğundan bildirilib.
Qeyd olunub ki, ilkin araşdırmalarla 1998-ci il təvəllüdlü Pərvin İsmayılovun ailə üzvlərinə - 1966-cı il təvəllüdlü Ağababa İsmayılova, 1989-cu il təvəllüdlü Təranə İsmayılovaya və Çiçək İsmayılovaya bıçaqla xəsarətlər yetirməsi, nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, Pərvin İsmayılov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.