Еrnur Rısmaqambetov: Trans-Xəzər dəhlizi biznes və yaradıcı layihələr üçün də imkan yaradır – MÜSAHİBƏ VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycanda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyanın müxtəlif bölgələrindən çoxsaylı iştirakçının qatılması ilə diqqət çəkib. Biznes dialoq çərçivəsində aparılan müzakirələr isə yaradıcı sənayelərdə yeni tendensiyaları və yerli istedadların dəstəklənməsi imkanlarını nəzərdən keçirməyə şərait yaradıb.
Bunu Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Qazaxıstanın “Alphabet Limited GP” investisiya və konsaltinq şirkətinin baş direktoru Ernur Rısmaqambetov AZƏRTAC-a müsahibəsində deyib.
“Düzünü desəm, forum məndə çox xoş təəssürat yaratdı. Bu, Amerikanı, Koreyanı və Mərkəzi Asiya ölkələrini təmsil edən tanınmış şəxslərin iştirak etdiyi beynəlxalq platformadır. Biz Qazaxıstandan gəlmişik və panel müzakirəsi çox xoşumuza gəldi”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, müzakirələr zamanı yaradıcı sənayelərdə yeni tendensiyalar, eləcə də bu sahələrin gələcək inkişafı və dəstəklənməsi imkanları diqqət mərkəzində olub.
“Xüsusilə qeyd etdik ki, bu gün bir çox tamaşaçı təkcə qlobal deyil, məhz yerli məzmunu izləmək istəyir. Onlar yerli insanları ekranda görmək və yerli hekayələrlə tanış olmaq arzusundadırlar. Bu baxımdan, fondumuz və digər təşəbbüslər yerli istedadları dəstəkləyir, onların yeni platformalara çıxışına kömək edir”, – deyə E.Rısmaqambetov əlavə edib.
Azərbaycan ilə Qazaxıstan arasında süni intellekt, texnologiyalar və biznesin inkişafı sahələrində əməkdaşlığın perspektivlərinə toxunan həmsöhbət birgə infrastruktur və yaradıcı layihələrin əhəmiyyətini vurğulayıb.
“Bu yaxınlarda iki mühüm hadisə baş verib. Birincisi, Xəzər dənizinin dibi ilə Aktau ilə Bakı arasında fiber-optik rabitə xəttinin çəkilməsi layihəsinə start vermişik. İkincisi, dünyaşöhrətli aktyor Ceki Çanın iştirakı ilə “Tanrının zirehi 4: Ultimatum” filmini birgə çəkmişik”, – deyə o bildirib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, bazarların inkişafı və beynəlxalq əlaqələrin genişləndirilməsi baxımından Qazaxıstan və Azərbaycan mühüm regionları təmsil edir.
“Biz böyük bazarların yerləşdiyi Mərkəzi Asiyanı təmsil edirik. Azərbaycan isə Qafqazda mühüm mövqeyə malikdir və Qərb bazarlarına çıxış üçün əlavə imkanlar yaradır”, – deyə o qeyd edib.
E.Rısmaqambetov vurğulayıb ki, Trans-Xəzər dəhlizinin inkişafı yalnız infrastruktur baxımından deyil, həm də işgüzar və humanitar əlaqələrin genişləndirilməsi nöqteyi-nəzərindən əhəmiyyətlidir.
“Məncə, Orta Dəhliz təkcə kabellərdən deyil, insanlar arasındakı münasibətlərdən, biznes əlaqələrindən, yaradıcı ideya və layihələrdən də ibarətdir. Bütün bu təşəbbüslər, xüsusilə Trans-Xəzər fiber-optik rabitə xətti və Ceki Çanın iştirakı ilə birgə film istehsalı gələcəkdə platformalı əməkdaşlığımızın yalnız başlanğıcıdır”, – deyə E.Rısmaqambetov fikrini yekunlaşdırıb.