Mədəniyyətlərarası Dialoq Forumunda qadınların və qızların imkanlarının genişləndirilməsi müzakirə olunub - YENİLƏNİB VİDEO
Bakı, 28 oktyabr, AZƏRTAC
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Bilik, liderlik və imkanlar: ortaq gələcək naminə körpülərin qurulmasında qadınların və qızların rolunun gücləndirilməsi” mövzusunda dialoq keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi müxtəlif regionlardan praktiki həlləri təqdim etmək, eləcə də fərqli mədəni və regional şəraitlərdə qadınların və qızların təhsilini, imkanlarının genişləndirilməsini və ictimai iştirakını təşviq edən uğurlu təşəbbüsləri, siyasi yanaşmaları və tərəfdaşlıq modellərini müzakirə etmək olub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında bildirib ki, dünyada geosiyasi, sosial-iqtisadi və texnoloji parçalanmaların yaratdığı mürəkkəb çağırışlar fonunda anlaşmanın, etimadın və əməkdaşlığın möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, qadınlar və qızlar bilikləri, liderlik keyfiyyətləri və təşəbbüsləri ilə cəmiyyətlər arasında körpülər qurur, ortaq gələcəyin formalaşmasına töhfə verirlər.
B.Muradova qızların təhsil imkanlarının genişləndirilməsinin davamlı inkişafın əsas şərtlərindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, 2021-ci ildə başlanan “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində müxtəlif proqramlar üzrə beş il ərzində 730, “Hənifə Məlikova-Zərdabi” təqaüd proqramı çərçivəsində isə 310 tələbə qıza dəstək göstərilir. Həmçinin 30-dan artıq universiteti təmsil edən məzun şəbəkəsi yaradılıb.
Afrika Qadın Liderləri Şəbəkəsinin (AWLN) Gənclər Komitəsinin sədri Anais Roxanne Dagrou isə rəqəmsal imkanlara çıxışın genişləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, xüsusilə kənd yerlərində yaşayan insanlar rəqəmsal imkanlardan istifadə baxımından şəhər sakinləri ilə müqayisədə daha az imkanlara malikdirlər. A.R.Dagrou qızlara texniki bacarıqların öyrədilməsinin, onların süni intellekt sahəsində tənqidi savadlılığının artırılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, gənc qızlara süni intellektdən səmərəli istifadə etmək üçün zəruri bilik və vasitələr təqdim edilməlidir.
Heydər Əliyev Fondunun nümayəndəsi Aydan Ramazanova bildirib ki, beynəlxalq təşəbbüsləri çərçivəsində Heydər Əliyev Fondu bir sıra ölkələrdə və müxtəlif regionlarda məktəblərin tikintisinə, eləcə də təhsil infrastrukturunun yaradılmasına dəstək göstərib.
Heydər Əliyev Fondunun inklüziv təhsilə xüsusi önəm verdiyini qeyd edən A.Ramazanova deyib: “Məqsədimiz fiziki məhdudiyyətləri olan şəxslər, xüsusən də qızlar üçün imkanları genişləndirməkdir. Bu baxımdan, inklüziv təhsil sahəsində müəllimlərin bacarıqlarının artırılması layihəsi müxtəlif öyrənmə ehtiyacları olan şagirdlərə dəstək göstərmək üçün müəllimlərin mütərəqqi metodlarla təchiz edilməsinin vacibliyini önə çəkir. Fiziki məhdudiyyətləri olan şəxslərin cəmiyyətə inteqrasiyasını dəstəkləməklə Fond təhsili hər kəs, o cümlədən qızlar və qadınlar üçün tam əlçatan etməyə çalışır”.
BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Elisa Fernandez Saenz təhsilin qızlara bilik və bacarıqlarla yanaşı, seçim etmək, hüquqlarını həyata keçirmək və həyatlarına təsir edən qərarlarda iştirak etmək imkanları verdiyini bildirib. Bununla belə, o vurğulayıb ki, təhsil özlüyündə hüquq olsa da, avtomatik olaraq qadınların cəmiyyətdə mövqeyinin və iqtisadi imkanlarının artmasına gətirib çıxarmır.
E.Fernandez Saenz qadınların öyrəndiklərini layiqli və ədalətli işlə əlaqələndirməyin, onların karyera inkişafı və liderlik imkanlarını genişləndirməyin vacibliyini qeyd edib. O bildirib ki, Avropa və Mərkəzi Asiyada qadınlar kişilərlə müqayisədə təxminən 3,4 dəfə çox ödənişsiz ev və qayğı işləri görürlər. Bu vəziyyət onların təhsil, iş və karyera ilə bağlı qərarlarına təsir göstərir.
BMT rəsmisi rəqəmsallaşma, süni intellekt və yeni iqtisadi imkanların qadınlar üçün də bərabər əlçatan olmasının vacibliyini vurğulayıb. O, BMT-nin Qadınlar Təşkilatının “Women in Tech” ilə tərəfdaşlığı çərçivəsində Qərbi Balkanlarda 800 qadına rəqəmsal bacarıqlar, mentorluq və onlayn təhlükəsizlik üzrə dəstək göstərildiyini bildirib.
BMT Baş katibinin köməkçisi və “BMT Qadınlar” təşkilatının Normativ Dəstək üzrə icraçı direktorunun müavini Nyaradzayi Gumbonzvanda videomüraciətində Azərbaycanın qızların təhsilinə verdiyi dəstəyi vurğulayıb. O qeyd edib ki, 2017-ci ildə Bakıda UNESCO ilə birgə təşkil olunan toplantıda qızların təhsilinə investisiya qoyulmasını nəzərdə tutan “Qlobal Humanitar Çağırış” qəbul edilib.
N.Qumbonzvanda bu ilin aprelində “Texnologiyada Fürsət Bərabərliyi” proqramının Bakıda genişləndirildiyini, təşəbbüsün tələbələrə yeni texnologiyalar üzrə bilik və bacarıqlar qazandırmaq məqsədilə Türkiyə və Azərbaycandan olan tərəfdaşları bir araya gətirdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, 2017-ci ildə götürülmüş öhdəlikdən təxminən on il sonra keçirilən forum əldə olunan irəliləyişləri qiymətləndirmək, mövcud boşluqları aradan qaldırmaq, qızların təhsilinə və qadınların iqtisadi imkanlarının genişləndirilməsinə dair kollektiv öhdəlikləri yeniləmək baxımından mühüm fürsətdir.
“Şəhrizad” Fondunun prezidenti və təsisçisi Vajiha Harris münaqişə bölgələrində yaşayan qadınların üzləşdiyi çətinliklərə diqqət çəkib. O bildirib ki, belə şəraitdə qadınların üzərinə ikiqat yük düşür. Onlar ailələrinə, uşaqlarına və yaşlılara qayğı göstərməklə yanaşı, kişilərin yoxluğundan yaranan boşluğu da doldurmalı olurlar. V.Harris vurğulayıb ki, münaqişə bölgələrində yaşayan qadınlarla sülh və təhlükəsizlik şəraitində yaşayan qadınlar arasında əməkdaşlığın gücləndirilməsi vacibdir. Onun sözlərinə görə, bu əməkdaşlıq münaqişədən zərər çəkən qadınların fərqli ehtiyaclarının müəyyənləşdirilməsinə, təhsil və digər sahələrdə onlara göstərilən dəstək proqramlarının təkmilləşdirilməsinə kömək edə bilər.
“Lead Integrity” təşkilatının prezidenti və baş direktoru, Oksidental Kollecində Kahane BMT Proqramının direktoru Azza Karam Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O, ölkənin gözəlliyini və insanlarının qonaqpərvərliyini vurğulayaraq, forumda belə geniş auditoriya ilə bir araya gəlmək imkanına görə təşəkkürünü bildirib. A.Karam münaqişə zonalarında yaşayan qadınların üzləşdiyi reallıqların xüsusi nəzərə alınmasının və onların müvafiq proseslərə cəlb edilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, hazırda dünyada silahlı münaqişələrin sayının tarixən görünməmiş həddə çatması məcburi köçkünlərin sayının da rekord səviyyəyə yüksəlməsinə səbəb olur. Bu vəziyyət qadın və qızların həssaslığını artırır, onların üzərinə düşən qayğı yükünü daha da ağırlaşdırır.
Beynəlxalq Frankofoniya Təşkilatının Gələcəyi Proqnozlaşdırma üzrə eksperti Sandra Kulibali Leroysa bildirib ki, gələcəyi öncədən görmək və ya proqnozlaşdırmaq mütləq şəkildə iş yerlərinin itirilməsi kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, bu proses ilk növbədə adekvat gözləntilərin formalşdırılmasını və öncədən hazırlıqlı olmağı tələb edir. Çıxışçı vurğulayıb ki, gələcəyin planlaşdırılmasında mədəniyyətlərarası aspekt və sosial faktorlar mütləq nəzərə alınmalıdır.
Dialoqda qadınların və qızların təhsil imkanlarının genişləndirilməsi, rəqəmsal bacarıqlarının artırılması, iqtisadi fəallığının dəstəklənməsi, inklüziv təhsilin təşviqi və liderlik imkanlarının gücləndirilməsi istiqamətində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.