Rusiyanın Baş prokuroru: İƏT-in korrupsiyaya qarşı mübarizə aparan qurumları ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıyıq VİDEO
Bakı, 28 oktyabr, AZƏRTAC
İqtisadi və insan hüquqları ilə bağlı risklər bir-biri ilə sıx əlaqəlidir. Korrupsiya ölkələrimizin təhlükəsizliyi və rifahı üçün ən ciddi təhdidlərdən biridir. Bu baxımdan, biz bu sahədə beynəlxalq fəaliyyətin birləşdirilməsi istiqamətində ardıcıl səylər göstəririk. BMT və digər beynəlxalq platformalar çərçivəsində razılaşdırılmış mövqenin formalaşdırılmasına çalışırıq.
AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın Baş prokuroru Aleksandr Qutsan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşündə çıxışı zamanı deyib.
"Rusiyanın Baş Prokurorluğu İƏT-in korrupsiyaya qarşı mübarizə aparan qurumları ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Biz əvvəllər əməkdaşlıq sazişləri və proqramları imzalamışıq. Onların həyata keçirilməsi milli qanunvericiliyə təsir göstərməyə və potensial təhdidlərin qarşısını almağa kömək edir. Cinayət yolu ilə əldə edilmiş gəlirlərdən danışarkən bir sıra problemlərlə qarşılaşırıq. Buraya yalnız cinayət gəlirləri deyil, həm də birbaşa qohumların, onların yaxınlarının və digər yaxın şəxslərin əldə etdikləri, hətta miras yolu ilə aldıqları istənilən maliyyə mənfəəti daxildir. Hesab edirəm ki, bu yanaşma, böyük ölçüdə, ədalət prinsiplərinə uyğundur və çəkindirici vasitə kimi səmərəli rol oynayır. Beləliklə, konkret tətbiq mexanizmləri yaratmaqla korrupsiyanın iqtisadi potensialını aradan qaldırmaq məqsədinə nail ola bilərik. Bu gün ayrı-ayrı şəxslər kapitallarını virtual məkanda gizlətməklə fəaliyyətimizi çətinləşdirirlər. Bununla belə, biz də yeni rəqəmsal texnologiyalardan və süni intellektdən istifadə edərək müxtəlif maliyyə məlumatlarını, məsələn, benefisiarlar haqqında məlumatları əldə edə və cinayətlərin qarşısının alınması üçün mümkün istiqamətləri müəyyənləşdirə bilərik", - deyə o vurğulayıb.