Şirvan suvarma kanalının yenidən qurulması işlərinin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur VİDEO
Ağsu, 28 oktyabr, AZƏRTAC
Şirvan suvarma kanalının yenidən qurulması layihəsi çərçivəsində indiyədək kanalın 134 kilometr hissəsində qazıntı işləri aparılıb, 113 kilometr hissəsi beton üzlüyə alınıb.
AZƏRTAC xəbər verir ki, tikinti işləri dörd mərhələ üzrə davam etdirilir. Layihənin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Hazırda istifadə olunan Yuxarı Şirvan kanalı 1958-ci ildə istismara verilib. Başlanğıcını Mingəçevir su anbarından götürən kanalın uzunluğu 122 kilometr, maksimal su sərfi isə saniyədə 78 kubmetr olub.
Ölkənin ikinci ən böyük suvarma kanalı olan Yuxarı Şirvan kanalı Şirvan düzündə yerləşən səkkiz rayonun 112 min hektardan artıq əkin sahəsinin suvarma suyu ilə, eləcə də yaşayış məntəqələrinin məişət suyu ilə təmin olunmasında mühüm rol oynayır.
Kanalın uzun müddət istismarda olması nəticəsində, aparılan əsaslı təmir işlərinə baxmayaraq, torpaq məcrasında baş verən dəyişikliklər və hidrotexniki qurğuların istismar imkanlarının azalması su itkilərinin artmasına səbəb olub. Bu baxımdan, kanalın müasir tələblərə uyğun yenidən qurulması su itkilərinin azaldılması, suvarma infrastrukturunun təkmilləşdirilməsi və əkin dövriyyəsinin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Layihənin əsas məqsədi Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Ağsu, Zərdab, İsmayıllı, Şamaxı və Hacıqabul rayonlarında yerləşən əkinə yararlı torpaq sahələrinin su təminatını yaxşılaşdırmaqdır. Yeni suvarma sistemlərinin yaradılması hesabına 105 min 950 hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulur.
Ümumi uzunluğu 204 kilometr olacaq yeni Şirvan suvarma kanalının 163,3 kilometr hissəsinin dəmir-beton üzlüklə, ötürmə xəttinin 18 kilometr hissəsinin monolit beton üzlüklə, 23 kilometr hissəsinin isə torpaq kanal kimi inşası planlaşdırılır. Kanalın maksimal sugötürmə qabiliyyəti saniyədə 180 kubmetr təşkil edəcək. Layihə çərçivəsində kanal boyunca müxtəlif təyinatlı hidrotexniki qurğular da tikilir.
Hazırda layihə üzrə inşası nəzərdə tutulan 171 hidrotexniki qurğudan 110-da tamamlama işləri aparılır. Tikinti-quraşdırma işlərinin icra vəziyyəti I mərhələ üzrə 83 faiz, II mərhələ üzrə 56 faiz, III mərhələ üzrə 49 faiz, IV mərhələ üzrə isə 60 faiz təşkil edir.
Layihənin tamamlanması ilə suvarma suyunun daha səmərəli istifadəsi, əkin sahələrinin su təminatının yaxşılaşdırılması və kənd təsərrüfatı torpaqlarının əkin dövriyyəsinə cəlb edilməsi üçün əlavə imkanların yaradılması gözlənilir.