Şirvan suvarma kanalının yenidən qurulması 100 min hektardan artıq yeni əkin sahəsinin su təminatını yaxşılaşdıracaq VİDEO
Ağsu, 28 oktyabr, AZƏRTAC
Şirvan suvarma kanalının yenidən qurulması ölkənin su ehtiyatlarından səmərəli istifadə edilməsi, kənd təsərrüfatı torpaqlarının su təminatının yaxşılaşdırılması və əkin sahələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində hazırda suvarılan 110 min hektar ərazinin su təminatının yaxşılaşdırılması, əlavə olaraq 100 min hektar kənd təsərrüfatı torpağının suvarılan sahələrə cəlb edilməsi nəzərdə tutulur: “Eyni zamanda, yaşayış məntəqələrinin məişət suyu ilə təminatının yaxşılaşdırılması da layihənin əsas istiqamətlərindəndir”.
Akif Quliyev qeyd edib ki, Şirvan suvarma kanalının tikintisi dörd mərhələ üzrə həyata keçirilir: “Birinci mərhələdə, baş qurğu ilə birlikdə işlərin 83 faizi, ikinci mərhələdə 56 faizi, üçüncü mərhələdə 49 faizi, dördüncü mərhələdə isə 60 faizi tamamlanıb. Tikinti işləri çərçivəsində kanalın 130-134-cü kilometrləri arasında torpaq qazma və torpaq yayma işləri aparılıb, 113 kilometr uzunluğunda hissədə isə betonlama işləri həyata keçirilib. Hazırda layihə üzrə işlər davam etdirilir”.
Agentliyin rəsmisi diqqətə çatdırıb ki, layihənin mühüm istiqamətlərindən biri də Hacıqabul gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılmasıdır: “Bu məqsədlə kanalın son hissəsindən Hacıqabul gölünə saniyədə 5 kubmetr suyun verilməsi nəzərdə tutulur. Bu tədbirin gölün ekoloji tarazlığının qorunmasına töhfə verməsi gözlənilir”.
Akif Quliyev vurğulayıb ki, suvarma infrastrukturunun yenilənməsi kənd təsərrüfatının inkişafı ilə yanaşı, su ehtiyatlarından daha səmərəli istifadəyə, su itkilərinin azaldılmasına və fermerlərin su təminatının yaxşılaşdırılmasına imkan yaradacaq.