Yepiskop Vladimir Fekete: Dinlərarası dialoq qorxu və qeyri-müəyyənliyə qarşı mübarizəyə kömək edir VİDEO
Bakı, 28 oktyabr, AZƏRTAC
Qorxu, xaos və qeyri-müəyyənlik şəraitində din nümayəndələri dinc ünsiyyət və qarşılıqlı hörmət nümunəsi göstərməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu fikri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycandakı Katolik Kilsəsinin yepiskopu Vladimir Fekete deyib.
O bildirib ki, din xadimləri hər bir insanla sevgi və hörmət əsasında ünsiyyət qurmağın mümkün olduğunu, ilk növbədə, öz davranışları ilə nümayiş etdirməlidirlər.
“Biz hamımız bir Yaradanın övladlarıyıq. Əgər Allahın bizi bir-birimizə hörmət etməyə, bu yer üzündə bacı-qardaş kimi yaşamağa qadir insanlar olaraq yaratdığına dair inamı qəlbimizdə qoruyub saxlasaq, hər bir problemi həll etmək mümkündür”, – deyə yepiskop vurğulayıb.
Vladimir Fekete bəzi siyasi qüvvələrin öz maraqları və hakimiyyət məqsədləri üçün dindən sui-istifadə etməsindən narahatlığını ifadə edib. O, müxtəlif dinlərin nümayəndələrinin, eləcə də Yaradana gedən yolu hələ tapmamış insanların bir ailə kimi birgə, sülh şəraitində yaşamalı olduqlarını diqqətə çatdırıb.