Sərdar Məhəmməd Yusif: Pakistan dinlərarası harmoniyanın möhkəmləndirilməsi üçün Azərbaycanla əməkdaşlığa hazırdır VİDEO
Bakı, 28 oktyabr, AZƏRTAC
Pakistan dinlərarası harmoniyanın möhkəmləndirilməsi və qlobal sülhün təşviqi məqsədilə Azərbaycan və beynəlxalq tərəfdaşlarla əməkdaşlığa hazırdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Pakistanın Dini İşlər və Dinlərarası Harmoniya naziri Sərdar Məhəmməd Yusif VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı panel sessiyasında çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, dinlər və mədəniyyətlər arasında dialoq etimadın möhkəmləndirilməsi, fikir ayrılıqlarının aradan qaldırılması və gələcək nəsillər üçün sülh şəraitinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Nazir qeyd edib ki, Pakistan hökuməti dini tolerantlığın təşviqinə, dini azlıqların hüquqlarının qorunmasına və bütün icmalar arasında dinc münasibətlərin inkişafına sadiqdir.
O vurğulayıb ki, dinlərarası dialoq yalnız bəyanatlarla məhdudlaşmamalı, hökumətlər, dini qurumlar, təhsil təşkilatları və vətəndaş cəmiyyəti arasında praktiki əməkdaşlığa çevrilməlidir.
Sərdar Məhəmməd Yusif, həmçinin dini liderlərin və alimlərin sülh ideyalarının yayılmasında, qərəzli münasibətlər və ekstremizmlə mübarizədə mühüm rol oynadıqlarını diqqətə çatdırıb.