Müzəffər Kamilov: Dinlərarası dialoq qarşılıqlı etimadı və həmrəyliyi möhkəmləndirmə vasitəsidir VİDEO
Bakı, 28 oktyabr, AZƏRTAC
Bu gün dünyada geosiyasi ziddiyyətlər, dini və milli zəmində baş verən anlaşılmazlıqlar, ksenofobiya, islamofobiya və dözümsüzlüyün digər təzahürləri cəmiyyətlər arasında dialoqa və qarşılıqlı etimad mühitinə ciddi təsir göstərir.
AZƏRTAC xəbər verir ki, bunu Özbəkistan Prezidentinin Din və Təhsil Məsələləri üzrə müşaviri Müzəffər Kamilov oktyabrın 28-də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı plenar sessiyada çıxış edərkən deyib.
O qeyd edib ki, əslində, heç bir din və ya inanc zorakılığı, düşmənçiliyi və günahsız insanlara qarşı təcavüzü əsaslandırmır. Buna görə də dinlərarası dialoqu yalnız müxtəlif dinlərin nümayəndələrinin görüşləri kimi başa düşmək olmaz. Bu dialoq, ilk növbədə, insan ləyaqətinin qorunmasına, müxtəlif inanclara və mədəniyyətlərə hörmətlə yanaşılmasına, ümumi problemlərin həlli üçün birgə səylərin göstərilməsinə xidmət etməlidir.
“Dinlərarası dialoqun qlobal sülhün təmin edilməsindəki rolu elmi tədqiqatlarda da xüsusi vurğulanır. Elmi yanaşmalar göstərir ki, dinlərarası dialoq müxtəlif inancların özünəməxsusluğuna hörmət etməklə qarşılıqlı etimadı və həmrəyliyi möhkəmləndirmə vasitəsidir.
Müasir qlobal şəraitdə dinlərarası dialoqun daha da inkişaf etdirilməsi üçün ölkələr arasında elmi əməkdaşlığın genişləndirilməsi, gənclər arasında qarşılıqlı ünsiyyətin gücləndirilməsi, birgə təhsil proqramlarının həyata keçirilməsi, eləcə də süni intellekt imkanlarından düzgün məqsədlərlə istifadə olunması istiqamətində birgə fəaliyyətin həyata keçirilməsi məqsədəuyğundur. Xüsusilə gənclərdə bu sahədə zəruri bacarıqların formalaşdırılmasına yönəlmiş işlərin birgə aparılmasını vacib hesab edirik", - deyə Müzəffər Kamilov bildirib.