VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: Muzeylər inklüzivlik və həmrəylik məkanı kimi YENİLƏNİB VİDEO
Bakı, 28 oktyabr, AZƏRTAC
Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Muzeylər və irs müəssisələri inklüzivlik, dialoq və sosial həmrəylik üçün iştirakçı məkanlar kimi” mövzusunda panel müzakirəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, UNESCO və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə Heydər Əliyev Mərkəzində keçirilən paneldə muzeylərin mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və sosial həmrəyliyin təşviqindəki rolu nəzərdən keçirilib.
Müzakirələrin açılışında çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva mədəni irsin qorunmasının beynəlxalq əməkdaşlığın və dialoqun inkişafındakı yerini vurğulayıb. S.Hacıyeva Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə ölkəmizdə və xaricdə həyata keçirilən bərpa layihələrinin mədəni diplomatiyaya böyük töhfə verdiyini bildirib. O, Qarabağ və Şərqi Zəngəzurda dini və mədəni abidələrin bərpasının, həmçinin Şuşada təşkil olunan tədbirlərin ictimai iştirakçılıq baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Xidmət rəisi “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasının beynəlxalq mədəni tərəfdaşlığı gücləndirməyi hədəflədiyini də qeyd edib.
Beynəlxalq Muzeylər Şurasının vitse-prezidenti Nasir Darmaki çıxışında tarixə dair fərqli yanaşmaların mövcudluğunun müzakirələrdən yayınmağa əsas vermədiyini bildirib. O vurğulayıb ki, müxtəlif baxışların eyni platformada səsləndirilməsi ortaq mövqenin formalaşmasına şərait yaradır.
ABŞ-ın Smithsonian Milli Asiya İncəsənəti Muzeyinin nümayəndəsi Nikol Doud muzeylərin cəmiyyətlə əlaqələrini inkişaf etdirməsinin və yenilənən mədəni məkanlara çevrilməsinin vacibliyinə toxunub. O qeyd edib ki, muzeylər yalnız eksponatları qoruyub nümayiş etdirməklə kifayətlənməməli, ictimaiyyətlə qarşılıqlı əlaqəni genişləndirməli və mədəni irsin yeni təqdimat formalarını araşdırmalıdırlar.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova Azərbaycan xalçalarının dünya mədəni irsindəki xüsusi yerindən bəhs edib. O, XIX əsrin sonlarında Azərbaycanda ilk dəmir yolu xəttinin istifadəyə verilməsinin xalçaların dünya muzeylərinə və kolleksiyalarına yayılmasına təkan verdiyini xatırladıb.
Ə.Məlikova muzeylər və kolleksiyaçılar arasında əlaqələrin gücləndirilməsinin, sənədləşdirmə və təcrübə mübadiləsinin əhəmiyyətini diqqətə çatdırıb.
Britaniya Muzeyinin nümayəndəsi Co-An Sanderlend isə mədəni irsin müxtəlif şərh formalarının dialoqun inkişafına töhfə verdiyini bildirib. O, icmaların bilik və bacarıqlarının bu prosesə cəlb olunmasının qarşılıqlı əlaqələri möhkəmləndirdiyini vurğulayıb.
Panel çərçivəsində muzeylərin ənənəvi mühafizə funksiyasından kənara çıxaraq müxtəlif icmaların təcrübələrini və baxışlarını bir araya gətirən açıq məkanlara çevrilməsinin vacibliyi önə çəkilib.
Qeyd edək ki, panelin əsas məqsədi muzeylərin və mədəni irs müəssisələrinin inklüzivliyin, empatiyanın və dinc birgəyaşayışın təşviqindəki rolunu artırmaq, eləcə də mədəniyyətlərarası dialoq prinsiplərinin idarəetmə mexanizmlərinə inteqrasiyasını təmin etməkdir.