İran səfiri: İƏT çərçivəsində keçirilən görüş İslam ölkələrinin korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq etmək istəyini göstərir VİDEO
Bakı, 28 oktyabr, AZƏRTAC
Hazırda dünyada cinayətkarlığa qarşı mübarizə yalnız bir dövlətin ərazisində həyata keçirilə bilməz. Bütün dünya bu mübarizəni mütəşəkkil və koordinasiyalı şəkildə aparmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, İƏT çərçivəsində keçirilən görüş İslam ölkələrinin korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq etmək və bu cür cinayətkarlığa qarşı birgə mübarizə aparmaq istəyini göstərir.
Səfir qeyd edib ki, bu sahədə Azərbaycanla ikitərəfli əlaqələr davam edir və müvafiq strukturlar arasında əməkdaşlıq mövcuddur.
Müctəba Dəmirçilunun sözlərinə görə, cinayətkarlığa qarşı mübarizə yalnız cinayətkarların əməllərinə qarşı tədbir görməklə məhdudlaşmır. Daha əhəmiyyətli məsələlərdən biri cinayətkarların öz əməllərinə başlamasının və ya onları davam etdirməsinin qarşısını almaq üçün əməkdaşlıq etməkdir.
O vurğulayıb ki, bu baxımdan həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq faydalıdır və hər iki səviyyədə əməkdaşlığın aparılması müsbət haldır.