Tunis rəsmisi: Bakı görüşü korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın inkişafı üçün mühüm fürsətdir VİDEO
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan hökumətinə göstərilən qonaqpərvərliyə və korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş bu böyük tədbirin peşəkar səviyyədə təşkilinə görə səmimi təşəkkürümü bildirirəm.
AZƏRTAC xəbər verir ki, bunu Tunisin İnzibati və Maliyyə Nəzarəti üzrə Ali Orqanının prezidenti İmed Hazqui İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, tədbir İslam dövlətləri arasında korrupsiyaya qarşı mübarizə və aktivlərin geri qaytarılması sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm fürsət olub.
İmed Hazquinin sözlərinə görə, toplantı çərçivəsində Məkkə Əl-Mükərrəmə Konvensiyasının qüvvəyə minməsinin sürətləndirilməsi, korrupsiyaya qarşı mübarizə və aktivlərin geri qaytarılması sahəsində əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi, həmçinin dövlətlər arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın mümkün istiqamətləri müzakirə olunub.
İmed Hazqui vurğulayıb ki, cinayətkar qruplar sanksiyalardan yayınmaq və aktivlərini gizlətmək məqsədilə yeni texnologiyalardan və süni intellektdən getdikcə daha çox istifadə edirlər.
O qeyd edib ki, tədbir dövlətlərə korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu təcrübələri bölüşmək, eləcə də yeni texnologiyalardan istifadə edən cinayətkar qrupların yaratdığı təhlükələrə qarşı mübarizənin ən səmərəli yollarını müzakirə etmək imkanı verib.