Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO
Kiyev, 29 oktyabr, AZƏRTAC
Azərbaycan tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük bu ölkəyə çatdırılıb.
AZƏRTAC xəbər verir ki, yardımın göndərilməsi Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib.
Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən humanitar yükün tərkibinə ümumi dəyəri 1,5 milyon dollar olan kabel, naqil və digər elektrik avadanlıqları, həmçinin 9 transformator daxildir.
Ukrayna Energetika Nazirliyinin rəsmisi Oleksandr Boqdanets AZƏRTAC-a açıqlamasında bildirib ki, bu, Azərbaycandan Ukrayna xalqına və dövlətinə göndərilən 159-cu humanitar yardımdır.
“Bu göndərişlərə güc transformatorları, kilometrlərlə elektrik kabeli və Rusiyanın enerji sektorumuza dağıdıcı hücumlarından sonra enerji infrastrukturunun bərpası üçün lazım olan digər avadanlıqlar daxildir. Bu dəfə göndərilən yüklər ilk növbədə Xarkov bölgəsinin, Xarkov İstilik Elektrik Stansiyasının və xüsusən də hazırda bütün bölgəni və bir milyondan çox insanı istilik və elektrik enerjisi ilə təmin edən Xarkov 5-ci İstilik Elektrik Stansiyasının ehtiyaclarını ödəyəcək.
Tariximizin ən çətin qışlarından biri ərəfəsində xalqımızın və dövlətimizin dözümlülüyünə daha bir töhfə verən Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk", - deyə o əlavə edib.