“Qəhrəmanlar Bağı” layihəsi çərçivəsində Şəkidə ağacəkmə aksiyası keçirilib VİDEO
Şəki, 29 oktyabr, AZƏRTAC
8 Noyabr – Zəfər Günü ilə əlaqədar Qırmızı Ürəklər Fondunun həyata keçirdiyi “Qəhrəmanlar Bağı” layihəsi çərçivəsində Şəkidə ağacəkmə aksiyası təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “PAŞA Holding”in və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən ağacəkmə aksiyasında şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, həmçinin “Kapital Bank”ın və Qırmızı Ürəklər Fondunun əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və işğal altında qalmış torpaqlarımızın qaytarılması ilə nəticələnən Vətən müharibəsi bizim şanlı tariximizdir. Noyabr ayının 8-də şanlı Ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazılıb.
Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov çıxış edərək deyib ki, “Qəhrəmanlar Bağı” layihəsi şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir. Bu təşəbbüs vasitəsilə qəhrəmanlarımızın adı təkcə yaddaşlarda deyil, həm də yaşıl mühitin formalaşmasına xidmət edən canlı bir irsdə yaşadılacaqdır.
Tədbirdə iştirak edən şəhid ailələri bu təşəbbüsə görə fonda və aidiyyəti qurumlara təşəkkür ediblər.
Aksiya çərçivəsində şəhidlərin xatirəsinə Eldar şamı ağacları əkilib.
Müxbir - Rasim İslamoğlu