Ağdama köçən şəhid anası: Oğlumun gedə bilmədiyi torpaqlara mən qayıdıram VİDEO
Bakı, 30 oktyabr, AZƏRTAC
Bu gün növbəti köç yola salınıb.
AZƏRTAC xəbər verir ki, Ağdama köç edən sakinlər arasında şəhid anası Həcər Bağırova da var. O, Vətən müharibəsində şəhid olan oğlu Elçin Bağırovun xatirəsini qəlbində yaşadaraq doğma torpağa qayıdır.
O bildirib ki, oğlu 44 günlük Vətən müharibəsinə böyük ruh yüksəkliyi ilə yollanıb: “Oğlum gülə-gülə, oxuya-oxuya gedib. Bu gün biz də onun gedə bilmədiyi torpaqlara gülə-gülə, şadlıqla qayıdırıq. Allah bütün qazilərimizin canını sağ eləsin, şəhidlərimizə rəhmət eləsin”.
Şəhid anası doğma yurda qayıdışın sevincini yaşamaqla yanaşı, gələcəyə dair ən böyük arzusunu da dilə gətirib. O, Ağdamda bir daha qan tökülməməsini, müharibənin yaşanmamasını və insanların sülh şəraitində xoşbəxt həyat sürməsini arzulayıb.
“Oğlum Elçin Bağırov müharibəyə sevə-sevə, gülə-gülə gedib. Mən də elə gülə-gülə o torpağa qayıdıram”, – deyə Həcər Bağırova bildirib.